BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ağdam şəhəri üzrə xüsusi nümayəndə "Twitter" hesabında məlumat verib.
"Səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur. Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir", - Hüseynov qeyd edib.
Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq işğaldan azad edildikdən sonra şəhərə ziyarətə yola düşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter"-də bildirib.
Qeyd edək ki, dünən bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər edib.
Məlumat üçün bildirək ki, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi azad edilib və rayon Azərbaycana təhvil verilib.
Prezident İlham Əliyev çıxışında Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqı təbrik edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanata görə, rayon 20 noyabradək Azərbaycana təhvil verilməli idi.
1993-cü ildə iyulun 23-də Ağdam rayonu ərazisinin 800 kvadrat kilometrdən çox hissəsi, yəni ümumi ərazisinin 70 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
Məlumat üçün qeyd edək ki, hazırda Ağdamda yenidənqurma işləri aparılır.