CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki yüz yaşamaq arzusunda olan şəxsdən çox yaşamağın sirləri

"Tədqiqatlar göstərir ki, məşqlərə gündə 15-25 dəqiqə sərf olunması artıq çəki olmadıqda ömrü yeddi il, şişman insanlarda isə üç il uzadır. Yalnız idman deyil, hətta sadə gəzinti belə faydalıdır".
Sputnik
BAKI, 27 avqust — Sputnik. İki yüz il yaşamağı qarşısına məqsəd qoymuş iri sərmayəçi Sergey Yanq uzunömürlülüyün sirlərini paylaşıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Sergey Yanq uzun müddətdir ki, ömrün necə uzadılması ilə maraqlanır.
Bundan əlavə o, daha çox yaşamağa kömək edən texnologiyalar üzrə ixtisaslaşmış "Longevity Vision" fondunun banisidir. Yaşlanma ilə mübarizə aparmaq üçün "Age Reversal XPRIZE"nin təşkil etdiyi ixtiralar müsabiqəsində iştirak edən Yanq hədəfinə çatmaq üçün həkimlərin, diyetoloqların və dünyaca məşhur alimlərin tövsiyələrini yerinə yetirib.
Yanq daha çox yaşamaq üçün mütəmadi olaraq tibb müayinələrdən keçməyin lazım olduğunu söyləyir. O, özü həkimlərə ildə ən azı bir dəfə müraciət edir. Bu, xəstəlikləri erkən mərhələdə, müalicəsi daha asan olduğu və sağlamlığa ciddi ziyan vurulmadığı zaman diaqnoz qoymağa imkan verir.
Onun qənaətinə görə, uzun ömür sürmək üçün həmçinin düzgün qidalanma son dərəcə vacibdir. Yanq daha çox bitki mənşəli yeməklərlə qidalanmağı, yarımfabrikatlardan uzaq durmağı və su içməyi unutmamağı məsləhət görür.
Onun fikrincə, bədənin sağlam yağlara ehtiyacı var. Xüsusilə, aşağı sıxlıqlı lipoproteinləri olan məhsullar ürək-damar sistemi üçün çox faydalıdır.
Yanq daha çox hərəkət etməyi də məsləhət görür:
"Tədqiqatlar göstərir ki, məşqlərə gündə 15-25 dəqiqə sərf olunması artıq çəki olmadıqda ömrü yeddi il, şişman insanlarda isə üç il uzadır. Yalnız idman deyil, hətta sadə gəzinti belə faydalıdır".
Mütəxəssislər vaxtilə Yanqa siqaret çəkməyi tərgitməyi, spirtli içkilərdən çəkinməyi və şəkər qəbulunu  azaltmağı məsləhət görüblər. Onun sözlərinə görə, yuxusuzluq ömrünün azalmasına səbəb olduğu üçün gündə ən az yeddi saat yatmağa çalışır.
Bu yaxınlarda Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri sübut ediblər ki, qoz-fındığın mütəmadi olaraq az miqdarda yeyilməsi xərçəng və ürək xəstəliklərinin yaranma ehtimalını azaldır.
Həmçinin oxuyun:
Keçmiş modeldən az müddətdə, pəhriz və idmansız arıqlamağın sirri