BAKI, 3 sentyabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən "Videoqəbul" bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya "Çağrı Mərkəzi"nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək. Videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunmasıdır.
Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin "Çağrı Mərkəzi"nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.