BAKI, 1 sentyabr — Sputnik. Fransanın Lil şəhərində gələcəyin teleserial rejissorlarını yetişdirmək üçün dünyanın ilk kino məktəbi açılıb. Məktəbin təntənəli açılış mərasimi "Series Mania" festivalı çərçivəsində keçirilib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, məktəb "Fransa Televisions" holdinqi və Fransanın ən böyük özəl "TF-1" telekanalının bir qolu olan "Newen" şirkəti tərəfindən yaradılıb.
Mərasimdə çıxış edən kino məktəbin idarə heyətinin sədri Rodolf Bolmer bildirib ki, qarşısında Lil şəhərini Avropanın teleserial paytaxtına, bu janrda çəkilən filmlərin tədqiqatı, təhlili və istehsalı mərkəzinə çevirmək vəzifəsi durur. Avropa teleserial sektoru hazırda inkişaf dövrünü yaşayır və bu, əsasən rəqəmsal texnologiyaların inkişafı ilə bağlıdır.
Qeyd edək ki, kino məktəbi üç istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamətdə artıq Avropa kino məkanında çalışan 10 peşəkar 14 həftə ərzində nəzəri və praktiki kurs keçəcək. İkinci istiqamət magistr diplomu əldə etməyə imkan verəcək. Bu zaman tələbələr tarix, iqtisadiyyat, hüquq və dramaturgiyanın əsaslarını öyrənəcəklər. Bu kurs Lil şəhərindəki Siyasət Elmləri Məktəbinin bazası əsasında hazırlanıb. Üçüncü istiqamət lisey, kollec və digər təhsil ocaqlarının şagird və tələbələri üçün nəzərdə tutulub.
Həmçinin oxuyun: