MƏDƏNİYYƏT

Oğru elə bağırdı ki... - Xalçamızı oğurlayıb bizə satmayanlar

Bədnam qonşular Qarabağ qrupuna aid olan məşhur “Açma-yumma”nı “Karin”, “Muğan”ı “Quqark”, “Çələbi”ni “Vişapaqorq” və ya “Sünik”, “Malıbəyli”ni “Vişapatorq” ("Arsax”), “Muğan”ı “Karos”, “Talış”ı “Arsax” adı ilə təqdim edirlər. 
Sputnik
BAKI, 29 avqust — Sputnik. Ermənilərin zaman-zaman Azərbaycana qarşı torpaq iddiaları olduğu kimi, musiqimizə, mətbəximizə, tarixi abidələrimizə və s. göz dikdikləri bütün dünyaya əyandır. Hələ bu azmış kimi, sənətkarlıq məmulatlarımızı və xalçalarımızı öz adlarına çıxıblar. Xatırladaq ki, bu il fevralın 20-də Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən 2020-ci il noyabrın 1-də çıxarılan xalçaların sərgisi keçirilmişdi. Sərgidə təqdim olunan, "Arsax" adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsi oldu.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Etnoqrafiya elmi fond” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, qədimdə Qarabağda bütün sənət sahələri inkişaf etmişdi: “Xalçaçılıq isə yüksək inkişaf mərhələsinə çatmışdı. Buna xammal bazasının zəngin olması imkan verirdi. Qarabağ cinsli qoyunların yunu xalçaçılıq üçün çox sərfəli idi. Ona görə də burada xalçaçılıq çox geniş inkişaf etmişdi. XIX əsrə aid olan mənbələrdə qeyd olunur ki, Qarabağ xalçaları öz kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yerdə idi. Belə bir məlumat da vurğulanır ki, Qarabağda xalçaçılıqla bütün müsəlman əhali məşğul olurdu. Elə bir ev yox idi ki, orada xalça dəzgahının, həvənin səsi eşidilməsin. Hətta Ağdam icması idarəsində toxucuların sayı məlum deyildi. Bircə o bəlli idi ki, şəhərin bütün müsəlman əhalisi bu sənətlə məşğul idi”.
Etnoqrafın sözlərinə görə, Qarabağın etnoqrafiyası haqqında yazan tarixçilər qeyd ediblər ki,  orada yaşayan ermənilər bu sənətlə məşğul olmurdular: “Qeyd olunur ki, bu sənət sahəsi asiyalılara məxsusdur. Bizə “asiyalı” deyirlər. Əslində bu yanaşma doğru deyil. Biz Asiyadan gəlmə deyilik. Biz bu yerin aborigen (aborigenlər — hər hansı bir ölkənin ərazisində yaşamış ilk insanlar - red.) xalqıyıq. Ermənilər bu sənəti bilmirlər, həm də onların xammal bazası yoxdur. Ermənilər bu məsələyə də don geyindirdilər ki, “türk çadırlarına gedib yun almaq təhlükəlidir”.
“Başqa bir bəhanə gətirirdilər ki, guya erməni qadınları ev qadınlarıdır, evdə uşaqların tərbiyəsi ilə məşğul olublar, amma Azərbaycan kişiləri evdə oturub, qadınları onları toxuculuqla məşğul olaraq dolandırıblar. Bu da qərəzli fikir idi. Çünki Azərbaycan kişisi sənətkarlıqla, əkinçiliklə, maldarlıqla məşğul olurdu. Qadınlar isə ev işləri görür, uşaqların tərbiyəsi ilə məşğul olur, eyni zamanda qalan vaxtlarını xalça toxumağa, tikmə tikməyə sərf edirdilər. Hətta Xan qızı Xurşidbanu Natəvan da xalçaçılıqla məşğul olub. Xan qızı bunu kasıblığına görə etmirdi ki. Sadəcə bu, qadınların boş vaxtlarının səmərəli keçməsi, öz hisslərini ilmələr vasitəsilə ifadə etmələri idi”.
Etnoqrafın dediyinə görə, bu baxımdan Qarabağın Xanqərvənd kəndi xüsusilə fərqlənib:  "Görkəmli xalçaşünas Lətif Kərimovun yazdığına görə, bu kənddə qız övladının dünyaya gəlməsi oğlana nisbətən daha böyük sevinclə qarşılanırdı. Bu kənddə xalça toxumağı bacarmayan qızları ərə almırdılar. Hər ailədə ayda bir xalça toxunurdu. Xalçaçılıq alətlərinin səsi gəlməyən ev bədbəxt, yazıq hesab olunurdu. Xalça kəsilən gün ailə bayram edirdi. Kənd qızlarının xalça sənətinə bağlılığı, zəhmətsevərliyi, qabiliyyəti dillər əzbəri idi. Məhz bu səbəbdən onların elçisi, xalq dili ilə desək, “başının üstə” olardı. Hətta qonşu kəndlərin sakinləri Xanqərvənd kəndinin qızları ilə evlənməyə can atırdılar. Bu kəndin qızı ilə evlənmək ikiqat baha başa gəlirdi. Xanqərvəndli qızların xalça sənətindəki ustalığı onlar üçün ən qiymətli cehiz hesab olunurdu. Qızlar altı yaşdan etibarən xalça toxumağa başlayır və bu işi bütün ömürləri boyu davam etdirirdilər. Həyatlarını dəyişdikdə isə mütləq onların başdaşı üzərində xalça rəsmi təsvir edilirdi".
Müsahibimizin sözlərinə görə, XX əsrdən sonra isə xalçaçılıqdan gəlir əldə edir, əmtəə məhsulu kimi artıq bazara çıxarırdılar: "Qarabağ xalçaları dünya muzeylərinə yol açırdı. “Malıbəyli”,  “Qasımuşağı”,  “Bəhmənli”,  “Bağçadagüllər”, “Saxsıdagüllər”,  “Çələbi”, “Vərni”  və s. Qarabağ xalçaları dünya muzeylərinin inciləri hesab olunur. Azərbaycanda ötən əsrin 60-cı illərində xalçaçılıq muzeyi açıldı. Ermənilərdə də həvəs yarandı ki, xalça muzeyi yaratsınlar.  Muzeyi yaratmaq üçün xalça lazımdır axı. Ona görə də öz irsi vərdişlərinə - oğurlamağa başladılar. Onlar Azərbaycana məxsus olan xalçaları öz kolleksiyalarına toplayıblar. Bildiyiniz kimi, Ermənistanın ərazisi Azərbaycanın qədim torpaqlarıdır. Ötən əsrin 88-ci ilinə qədər azərbaycanlılar orada yaşayıblar. Onlar da xalçaçılıqla məşğul olublar. Zəngəzur Azərbaycanın əzəli ərazisi idi, 1923-cü ildə Ermənistana birləşdirildi. Qarabağ xalça məktəbinin ənənələri son dövrlərə qədər orada qorunub saxlanılmışdı”.
Həmsöhbətimiz bildirir ki, XIX əsrin sonlarında xalça toxuculuğuna “qadın hesabına yaşama”, “arzuedilməz iş” prizmasından yanaşan, bu işi öz arvadlarına rəva görməyən ermənilər XX əsrin sonlarında ayılaraq xalçanın misilsiz sənət əsəri olduğunu başa düşmüşdülər və Azərbaycan qadınının əli ilə  toxunmuş xalçaları dünya ictimaiyyətinə “qonşu hesabına yaratma” deyil, “erməni xalçası” adı ilə çatdırmağı özlərinə ar bilmədilər. Tarixçi əlavə edir ki, ermənilər adətləri üzrə, ərazilərimizə adlar verdikləri kimi, xalçalarımızın da adlarını dəyişiblər: "İnqilabdan (1905-17-ci illəri nəzərdə tutur - red.) əvvəl erməni tacirləri tərəfindən Avropaya aparılmış xalçalar erməni xalçası kimi təqdim olunub. Təəssüf ki, bir çox dünya muzeylərində bu xalçalar hələ də erməni xalçası kimi nümayiş olunur. Xatırladaq ki, erməni təcavüzünə yalnız Qarabağ xalçaları deyil, ümumiyyətlə, Azərbaycanın digər xalça məktəblərinə aid olan xalçalar da məruz qalıb. Oğurluğa adət etmiş ermənilər Qarabağ qrupuna aid olan məşhur “Açma-yumma”nı “Karin”, “Muğan”ı “Quqark”, “Çələbi”ni “Vişapaqorq” və ya “Sünik”, “Malıbəyli”ni “Vişapatorq” (Arsax”), “Muğan”ı “Karos”, “Talış”ı “Arsax” adı ilə təqdim edirlər.  Təəssüf ki,  bütün dünyanı öz yalanlarına inandırmağa bacarırlar. Onlar ticarətlə məşğul olublar. Misgərlik, zərgərlik, xalçaçılıq məmulatlarını Avropaya ixrac ediblər, öz  məhsulları kimi satıblar. Ona görə də bu gün bunun əsl mahiyyətini sübut etmək mümkün deyil".
"Qarabağın işğalı zamanı təkcə muzeylərdən, emalatxanalardan yox, evlərdən də xalçalar, digər sənətkarlıq məmulatları ermənilər tərəfindən qarət olundu və xarici ölkələrdə satışa çıxarıldı. Hələ bu azmış kimi, sən demə, ermənilər şərt qoyublar ki, kimə şatırsınızsa-satın, azərbaycanlıya satmayın. Bir xalçanı Moskvadan alıb gətiriblər buraya. Məni ekspert kimi çağırdılar ki, rəy verim. Baxdım ki, bu bizim Şuşa xalçasıdır. Başqa birini isə Amerikada hərracdan öz azərbaycanlımız alaraq Xalça muzeyinə bağışlamışdı. Hələ bu bizim bildiklərimizdir. Bilmədiklərimiz saysız-hesabsızdır. Bir itkimiz də onda oldu ki, Qarabağ işğal olunandan sonra məcburi köçkünlər xalçaçılıq sənətini davam etdirə bilmədilər”, - deyə tarixçi fikrini tamamlayır.
Həmçinin oxuyun:
Lerik sakini öz rekordunu təzələməklə dünyanın ən kiçik xalçasını toxudu
Ölkəmizdə son bir ilin ən böyük xalçası kəsilib
Azərbaycan xalçaları Kazanda - tatarlar valeh olublar