CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tatarıstan xokkeyçiləri "ilham mələkləri"ndən imtina etdilər

Xəbər yayılıb ki, güya KXL növbəti mövsümdə rəqqasə qızların çıxışını qadağan edib. Ona görə ki, xokkeyçilərin xanımları həyat yoldaşlarının buza deyil, rəqqasələrə baxmasından narahat olublar.
Sputnik
BAKI, 29 avgust — Sputnik. Kazan xokkey klubu "Ak Bars" qızlardan ibarət "Bars Angels" rəqs dəstək qrupu ilə əməkdaşlığa son verib. Yeni mövsümdə Kazanda keçiriləcək Kontinental Xokkey Liqasının (KXL) oyunları "ilham mələkləri" olmadan baş tutacaq. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər yayıb.
"Telegram" kanallarında belə bir xəbər yayılıb ki, güya KXL növbəti mövsümdə rəqqasə qızların çıxışını qadağan edib. Ona görə ki, xokkeyçilərin xanımları həyat yoldaşlarının buza deyil, rəqqasələrə baxmasından narahat olublar. Dərhal bildirmək istəyirik ki, liqanın klubun bu qərarına heç bir aidiyyəti yoxdur. Bu, klubun öz qərarıdır", - deyə "Ak Bars"-ın mətbuat xidmətindən bildirilib.
O da qeyd olunub ki, klub bu məsələ ilə bağlı press-reliz yaymaq fikrində deyil:
"Bu qərar uzun müddətdir ki, qəbul edilib. Kazan Tatarıstanın paytaxtıdır və burada sərt dəyərlərə, adət-ənənələrə malik insanlar yaşayır", - deyə vurğulanıb.
Qeyd edək ki, araşdırmaların nəticəsinə görə, Tatarıstan respublikasındakı əhalinin 50 faizini müsəlmanlar təşkil edir.
Klubdan qərarın məşhur idmancı Həbib Nurməhəmmədovun təklifi əsasında qəbul olunduğunu da təkzib ediblər.
"Bunun Həbibin sözləri ilə heç bir əlaqəsi yoxdur. Biz bu barədə qərarı daha əvvəl qəbul etmişik. Nurməhəmmədovun açıqlamasını isə bundan sonra gördük. Əlbəttə ki, qızlar bu qərarı öyrənəndə mütəəssir oldular. Rəqs qrupunun tərkibində cəmi 20 nəfər var. Biz onlarla görüşüb qiymətli hədiyyələr verəcəyik", - deyə "Ak Bars" klubunun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bir qədər bundan əvvəl, yüngül çəki üzrə Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov təkbətək qarşılaşmalarda rinq qızlarına ehtiyac olmadığını bildirmişdi.