BAKI, 26 avqust — Sputnik. Sumqayıt şəhərinin küçələrini üfunət iyi bürüyüb. Sumqayıt sakinlərinin Facebook sosial şəbəkəsində paylaşdıqları məlumata görə, məişət tullantılarını daşıyan maşınlardan axan su küçələri natəmiz vəziyyətə salmaqla yanaşı, ətrafa pis qoxunun yayılmasına səbəb olub.
Mənsurə Faiq qızı adlı şəbəkə istifadəçisi qeyd edib ki, zibildaşıyan maşınlardan axan su küçəni natəmiz vəziyyətə salıb. Sakinlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin arxasında, 3-cü məhəllədə məişət tullantılarının daşınması zamanı axan suyun küçədə yaratdığı mənzərəni də izləyicilərlə paylaşaraq bunları qeyd ediblər: "Sumqayıtda zibil aşıb-daşır. Üfunət iyi həyəti bürüyüb. Daşıdıqları məişət tullantılarının suyu bütün yol boyu axaraq küçəyə tökülür".
Sumqayıt sakinlərinin iddiasına görə, buna səbəb məişət tullantılarının günlərlə konteynerlərdə qalması və gec daşınmasıdır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev Sputnik Azərbaycan-a açıqlamasında artıq problemin öz həllini tapdığını söyləyib. O bildirib ki, məişət tullantıları daşınarkən suyun axıb natəmiz vəziyyətə saldığı küçələr yuyularaq təmizlənir, məişət tullantıları konteynerlərinin ətrafı dezinfeksiya olunur.
İcra Hakimiyyəti səlahiyyətlisi bunun səbəbini məişət tullantıları konteynerlərinə atılan zibillərin sulu olması ilə izah edib: "Məişət tullantılarını daşıyan maşınların içərisində 200 litrlik su çənləri var. Amma bəzən məişət tullantıları o qədər sulu olur ki, maşındakı çənlər dolur. Bu zaman su küçəyə axır", - deyə E.Qocayev bildirib. O, həmçinin əlavə edib ki, bu problem yay aylarında insanların daha çox meyvə-tərəvəz və bostan məhsulları istehlak etməsi nəticəsində baş verir.
Qeyd edək ki, bir neçə aydır, Sumqayıt sakinləri axşamlar dəhşətli qoxunun yayılmasından şikayətlənirlər. Şəhərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə dəfə monitorinq apararaq üfunətə şəhər ərazisindəki zibil poliqonunun yandırılmasının səbəb olduğunu bildirib.
Eləcə də oxuyun:
Qoxunu cərimə pulu ilə silə bilmədilər: Sumqayıtda problem davam edir
Sənaye şəhərinin tullantı problemi - Millət vəkili çıxış yolunu göstərdi
Yandırmaq çarə deyil: Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb