CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orta ixtisas təhsili müəssisələrinə keçid balları açıqlandı

Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsi və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib.
Sputnik Azərbaycan xəbər verir ki, "Abituriyent" jurnalının 3-cü nömrəsində 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 2021-ci il avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə aparılacaq.
DİM həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını da ayrıca kitabça şəklində nəşr edib.
Mərkəzə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.
Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə, burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.
Qeyd edək ki, jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Eləcə də oxuyun:
Təhsil Nazirliyindən peşə məktəblərinə qəbul olunanlara müraciət
 Tibb təhsilində ballar yüksək olduğundan subbakalavrlara yer çatmayacaq
35 min müəllim əyani tədrisə buraxılmaya bilər