BAKI, 24 avqust — Sputnik. Pandemiya və onun səbəb olduğu nəqliyyat lokdaunu ölkə əhalisinin həyatında avtomobillərini rolunu xeyli artırıb. Məsələn, karantin rejiminə görə, bir ildən çoxdur ki, istirahət günləri avtobuslar işləmir, Bakı metrosu isə aylarla bağlı qalmışdı.
Bu baxımdan ölkə vətəndaşları taksi xidmətlərindən istifadə etməli oldular ki, bu da orta statistik azərbaycanlı ailənin büdcəsinə ağır zərbə vurur. Nəqliyyat fəaliyyətinə qoyulan məhdudiyyətlər həm də əhalinin bir hissəsini avtomobil almaq barədə düşünməyə vadar edir, ancaq Azərbaycanda avtomobil kreditinin verilməsi şərtləri bu gün hər kəs üçün əlçatan deyil.
Avtomobili əldə etmək o qədər də asan deyil
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycanda avtomobil kreditlərinin şərtləri olduqca ağırdır və bu, həm klassik kredit, həm də avtomobil almaq üçün lizinq sxeminə aiddir.
"Vəziyyət belədir ki, çətin şərtlər səbəbindən hətta yüksək əməkhaqqı olan vətəndaşlar belə kredit vasitəsilə avtomobil ala bilmirlər. Bu gün Mərkəzi Bankın tövsiyəsi ilə özəl banklar alıcılardan avtomobilin dəyərinin təxminən 40%-ni ilkin ödəniş şəklində tələb edirlər. Dəyərin qalan hissəsi orta hesabla illik 16%-lik kredit şəklində verilir. Lizinqdə ilkin ödəniş avtomobil məbləğinin 20%-ni, illik faiz isə təxminən 25%-ni təşkil edir. Düşünürəm ki, bunlar çox yüksək göstəricilərdir", - deyə Cəfərov Sputnik Azərbaycan-a bildirib.
Ekspertin sözlərinə görə, ölkədə avtomobil kreditlərinin şərtlərini asanlaşdırmaq və sadələşdirmək, eləcə də bu cür kreditlərin faiz dərəcələrini aşağı salmaq lazımdır. Cəfərov avtomobilin dəyərinin 20%-ə qədərinin əvvəlcədən, qalan məbləğin isə illik 9-10% nisbətində ödənilməsinin optimal variant olduğunu bildirib.
"Bu halda vətəndaşlar əllərində olan 10-15 min manatla avtomobil ala biləcəklər. Bu gün bu insanlar istifadə edilmiş xarici avtomobillər alırlar, məsələn, Gürcüstanda bu avtomobillər istifadə müddəti bitmiş avtomobillərdir, onlar yalnız tullantılar üçün uyğundur. Bu cür maşınlar ölkəmizə idxal olunur", - deyə Cəfərov bildirib.
Nəticədə iqtisadiyyat zərər görür
Ekspertin sözlərinə görə, avtomobil kreditləşməsinin yüksək faizi və çətin şərtləri də bütövlükdə Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir. Məlumdur ki, avtomobil sektoru iqtisadiyyatın aparıcı sahələrindən biridir və əgər bu sahədə artım dinamikası varsa, bu, ölkənin bütün iqtisadiyyatına müsbət təsir göstərir.
"Ancaq bu gün biz ölkə vətəndaşlarının köhnə və istifadə edilmiş avtomobilləri almaq məcburiyyətində qaldığı bir vəziyyəti müşahidə edirik. Bu da öz növbəsində tez-tez baş verən yol qəzalarına, faciələrə və insan itkilərinə səbəb olur", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti qeyd edib.
"Bəzən rəqiblərimlə müzakirələr apardığımda onlar Azərbaycanda avtomobil kreditlərinin problemli kredit növlərinə aid olduğunu və buna görə də kredit şərtlərinin bu qədər ağır olduğunu bildirirlər. Ancaq mən belə düşünmürəm. Dünyanın bütün inkişaf etmiş ölkələrində avtomobil krediti çox sadədir. Nədənsə Azərbaycanda məhz avtomobil krediti bir növ çətin və problemli hesab olunur. Nəticədə Azərbaycan köhnə və yararsız avtomobillərin qəbristanlığına çevrilib", - deyə Cəfərov bildirib.
Kreditləşmənin ağır şərtləri dövlət proqramına ziddir
Ekspertin sözlərinə görə, avtomobil krediti üçün çətin şərtlər və yüksək faiz dərəcələri "2019-2023-cü illər üçün yol təhlükəsizliyinin təmin edilməsi" üzrə dövlət proqramına da ziddir. Bu proqram ölkəyə ekoloji cəhətdən təmiz avtomobillərin idxalını stimullaşdırmağa, ölkənin avtomobil parkını yeniləməyə, köhnə avtomobilləri təkrar emal etməyə yönəlib. Cəfərov qeyd edib ki, artıq 2021-ci ildir, lakin bu istiqamətdə hələ heç bir addım atılmayıb.
Gürcüstandan avtomobil idxalı artır
Bu arada Gürcüstandan Azərbaycana köhnə avtomobillərin idxalı artmaqda davam edir. Belə ki, 2021-ci ilin yanvar-iyul ayları arasında Gürcüstandan Azərbaycana minik avtomobillərinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 69,5 faiz artaraq 20658 ədəd və ya qiymət baxımından 138 milyon dollar təşkil edib.
Eyni zamanda, Gürcüstandan avtomobillərin ümumi ixracında Azərbaycanın payı 55% təşkil edib.
Eləcə də oxuyun:
Sıxılmış təbii qazın pərakəndə satışı neçəyədir və sərfəlidirmi?
Ekoloji sağlamlıq naminə bu avtomobillərə görə güzəşt olmalıdır