BAKI, 24 avqust — Sputnik. Rəsmi Yerevan Qarabağ üzrə konstruktiv danışıqlara hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.
O, 2020-ci il noyabrın 9-dan sonra həmsədrlərin verdikləri bəyanatı da yada salıb.
"Həmsədrlər deyirdilər ki, Qarabağda münaqişə həll olunmayıb, məsələnin hərtərəfli və uzunmüddətli həlli isə tərəflərə məlum olan prinsiplər əsasında aparılmalıdır", - Paşinyan deyib.
Prinsiplərə gəlincə, bunların "güc tətbiq olunmaması, millətlərin öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü" olduğunu xatırladıb.
O, eyni zamanda bildirib ki, Ermənistan Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır.
"Təəssüf edirəm ki, siyasi səs-küylə bağlı yazda planlaşdırılan nəticəyə nail ola bilmədik. Ermənistan – Azərbaycan sərhədinin ayrı-ayrı sahələrində qeyri-sabit situasiya bu danışıqların başlaması üçün ciddi təhdiddir", - deyə Paşinyan qeyd edib.
O, eyni zamanda vurğulayıb ki, sovet xəritələri əsasında Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı geri çəkilməsinin lehinədir. Paşinyan qeyd edib ki, sərhədin Tex – Mehri hissəsində işlər bu əsasda aparılıb. O, bəyan edib ki, Ermənistan tərəfi bu əsasda irəliləməyə hazırdır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Qarabağ münaqişəsi barədə bunları söyləmişdi: "ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür".
Qarabağın "status"una gəldikdə isə Azərbaycan lideri dəfələrlə belə bir statusun olmadığını vurğulayıb: "Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna. Nə üçün ondan sonra Dağlıq Qarabağ sözündən istifadə olunurdu?"
Eləcə də oxuyun:
Qarabağa dair üçtərəfli işçi qrupun fəaliyyəti bərpa olundu - həftənin siyasi icmalı
Aİ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında kömək etməyə hazırdır
Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasəti – Hesabatın ikinci hissəsi
Mariya Zaxarova: Qarabağda vəziyyət demək olar ki, sakitdir
Millət vəkili: “Ermənistan sülh sazişi imzalamaqdan qaçmağa çalışır”
Ermənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyib