CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paşinyanın gecikmiş mesajları: Yerevan niyə Rusiya sülhməramlılarına sataşır?

Milli Məclisin deputatı ehtimal edir ki, təhlükəsizlik adı altında hazırda Qazaxın işğal altında olan kəndlərinin boşaldılması prosesi də gedir.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı rəsmi Yerevanın Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu bildirib. Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.
O, 2020-ci il noyabrın 9-dan sonra həmsədrlərin verdikləri bəyanatı da yada salıb: "Həmsədrlər deyirdilər ki, Qarabağda münaqişə həll olunmayıb, məsələnin hərtərəfli və uzunmüddətli həlli isə tərəflərə məlum olan prinsiplər əsasında aparılmalıdır".
Paşinyan daha da irəli gedərək daha sərsəm bəyanat səsləndirib. O iddia edib ki, nə 10 noyabr 2020-ci il, nə də 11 yanvar 2021-ci ildə Azərbaycan, Rusiya, Ermənistanın imzaladığı üçtərəfli bəyanatlarda Ermənistan ərazisində heç bir dəhlizin yaradılması nəzərdə tutulmayıb.
Paşinyanın Qarabağın statusu və dəhliz haqqında səsləndirdiyi bəyanatlar birmənalı qarşılanmayıb. Sputnik Azərbaycan məsələ ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasovla həmsöhbət olub.
Politoloq Tofiq Abbasov vurğulayıb ki, Paşinyanın bu bəyanatlarının hamısı cəfəngiyyatdır:
"Çünki əgər danışıqlar aparılmalıdırsa, bu danışıqlara gərək hər iki tərəfin meyli, hazırlığı, onların birgə tərtib etdiyi gündəmi olsun. Bu gündəlik isə yoxdur. 2020-ci ilin sentyabrına qədər belə bir lüzum var idi. Yəni Azərbaycan sülh yolu ilə bütün məsələləri həll etməyi təklif edirdi. ATƏT-in Minsk qrupu boş, mənası olmayan bir institutdur. Onlar təmasların qırılmaması yolu ilə bir növ özlərinin vacibliyini təsdiqləyirdilər. Lakin əsas şərt danışıqlar üçün gündəliyin olmasıdır. Bizim üçün gündəlik olmadığından danışıqların heç bir mahiyyəti yoxdur".
Ekspert qeyd edib ki, Azərbaycan Qarabağın statusu məsələsini gündəmdən çıxarıb: "Ərazi bütövlüyünü bərpa edib və beləcə də ATƏT-in Minsk qrupunun lazımsız institut olmasını diqqətə çatdırmışıq. İndi isə Paşinyan dünya birliyinə təqdim etməyə çalışır ki, problemin kökündə guya Azərbaycanın destruktiv mövqe sərgiləməsi durur. Lakin 2020-ci ilin sentyabrına qədər məhz Ermənistan tərəfi destruktiv mövqe sərgiləyib. Nəticədə də sülh danışıqları iflasa uğradı və Azərbaycanın əks-hücumu qaçılmaz oldu. Paşinyanın hazırda səsləndirdiyi bəyanatlar gecikmiş mesajlardır və onların heç bir gücü, Azərbaycana təsiri yoxdur. Ümumiyyətlə, onların heç mənası da yoxdur. Çünki rəsmi Bakı bunların hamısını vaxtında Yerevana deyirdi, lakin heç bir nəticəsi olmurdu. İndi isə Yerevan özünün dağıdıcı siyasətinin nəticələrini görməkdədir".
Paşinyanın kommunikasiyaların açılması ilə bağlı bəyanatına gəldikdə, Tofiq Abbasov qeyd edib ki, Ermənistan öz istəyinə nail olmaq üçün daima düz yerdə dolaşıq vəziyyət yaradır:
"Ötən il imzalanan 10 noyabr tarixli bəyanatda regionda bütün kommunikasiyaların açılması və onların şaxələndirilməsi barədə müddəa var. Təsadüfi deyil ki, Azərbaycan məlum bəyanat imzalanan kimi bu istiqamətdə işlərə başladı. Azərbaycan olaraq biz öz üzərimizə düşən işləri həyata keçiririk. Ermənistan isə özü üçün bunu elə tərzdə qəbul edir ki, guya burada heç bir dəhlizdən söhbət getmir.
Bu fikirləri Paşinyana irad tutan Sarkisyan və Köçəryan da səsləndirirdilər. Onlar regionda yeni ab-havanın yaranmasından qorxurlar. Niyə qorxurlar? Çünki onlar düşünürlər ki, dəhlizlər işə düşəcəyi təqdirdə Ermənistan guya subyektivliyini itirəcək. Lakin Ermənistan subyektivliyini çoxdan itirib. Bir ölkənin ki sərhədlərini başqa dövlətin təyinatlı qüvvələri qoruyur, burada hər hansı bir subyektivlikdən danışmağa dəyməz. Ermənistan bölgədə ən zəif bənddir, öz iqtisadiyyatının köklərini itirib və indi xarici qüvvələrin dəstəyinə möhtacdır. Əgər onlar bu dəhlizdən və digər kommunikasiyaların açılmasından qorxacaqlarsa, bütün bu prosesləri qara boyalarla görəcəklərsə, onda özlərindən küssünlər. Çünki Azərbaycanın itiriləsi heç nəyi yoxdur. Biz Ermənistan olmadan da kommunikasiya şəbəkələri yaratmışıq. Azərbaycan heç də təsadüfən kommunikasiya habı kimi qəbul olunmur. Bütün bunlar isə Azərbaycanın, Prezident İlham Əliyevin konseptual yanaşmasının bəhrəsidir".
Milli məclisin deputatı Arzu Nağıyev isə hesab edir ki, Ermənistan nəyin bahasına olur-olsun ATƏT-in Minsk qrupunu, xüsusilə də Fransanı regiona yenidən qaytarmaq istəyir: "Çünki regionda erməniləri dəstəkləyə biləcək yeganə qüvvə Fransadır. Yerevanda oturanlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları gündəmə gətirməklə bir növ Rusiya sülhməramlılarının öz funksiyalarını sona qədər yerinə yetirə bilməmələri məsələsini də qabartmağa çalışırlar.
Bir digər məqam ondan ibarətdir ki, Paşinyan ölkə daxilində müəyyən siyasi stabilliyə nail olmaq üçün də bu cür bəyanatlar səsləndirməlidir. Çünki ötən ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın müddəaları həyata keçirilməli – Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat infrastrukturunun açılması məsələsi gündəmdədir. Düşünürəm ki, Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında müəyyən razılaşma var idi. Hətta təhlükəsizlik adı altında hazırda Qazaxın işğal altında olan kəndlərinin boşaldılması prosesi də gedir".
Deputat vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, Paşinyan daxili auditoriyanı, eyni zamanda Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir, siyasi gedişlər edir: "Baş verənlərə baxmayaraq, Azərbaycan öz siyasi kursunu inamla davam etdirir. Biz sərhədlərimizə çıxmışıq və sərhədlərin bərpası mütləq şəkildə həyata keçiriləcək. Ona görə də Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh sazişini imzalamalı və sərhədlərin delimitasiya və demarkasiyasını sona çatdırmalıdır. Ermənistan da, ATƏT də yaxşı bilirlər ki, Qarabağın hər hansı bir statusundan söhbət gedə bilməz. O, ərazidə yaşayan ermənilərin özlərinin Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq almaq istəməsi Yerevanı qorxuya salır".
Xatırladaq ki, Qarabağda "status" məsələsinə dair Azərbaycan Prezidenti İlham Əliyev AZTV-yə müsahibəsində qeyd edib ki, 25 min adama status vermək heç bir məntiqə sığmır: "Bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. <...> Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
ATƏT-in Minsk qrupunun fəaliyyətini isə Azərbaycan lideri belə dəyərləndirmişdi: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”.
İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşündə əlavə etmişdi ki, münaqişə artıq tarixə qovuşub: "Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.
Eləcə də oxuyun:
Qarabağa dair üçtərəfli işçi qrupun fəaliyyəti bərpa olundu - həftənin siyasi icmalı
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında kömək etməyə hazırdır
Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasəti – Hesabatın ikinci hissəsi
Mariya Zaxarova: Qarabağda vəziyyət demək olar ki, sakitdir
Millət vəkili: “Ermənistan sülh sazişi imzalamaqdan qaçmağa çalışır”
Ermənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyib
Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbi
Paşinyan yalandan sülhməramlı cildinə girib - Korotçenko