RUSİYA

Yaponiya Kunaşirdən Hokkaydoya üzüb gedən rusiyalı ilə bağlı məsələyə münasibət bildirib

Yaponiya hökumətinin Baş katibi Katsunobu Kato vəziyyət təhlil olunandan sonra adekvat tədbirlərin görüləcəyini deyib.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Yaponiya Kunaşir adasından Hokkaydoya üzüb gələn və guya bu ölkədən sığınacaq istəyən Rusiya vətəndaşı ilə bağlı məsələyə münasibət bildirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Yaponiya hökumətinin Baş katibi Katsunobu Kato vəziyyət təhlil olunandan sonra adekvat tədbirlərin görüləcəyini deyib.
"Bizə məlumdur ki, iyulun 19-da polis Kunaşirdən üzüb gəldiyini iddia edən rusiyalını müvəqqəti mühafizə altına alıb. Daha sonra o, Sapporo immiqrasiya xidmətinə təhvil verilib. Hazırda orada məsələ araşdırılır. Mən bu məsələnin təfərrüatlarını müzakirə etmək istəmirəm, amma biz faktı necə lazımdırsa, araşdıracaq, daha sonra əlaqəli nazirliklərlə birgə müvafiq tədbirlər görəcəyik", – deyə Kato Tokioda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, bir qədər əvvəl KİV avqustun 19-da Hokkaydo adasının sakinlərindən birinin polis məntəqəsi yaxınlığında xarici vətəndaşla rastlaşdığını, onun rus olduğunu və Kunaşir adasından üzərək gəldiyini bildirib. Daha sonra həmin şəxs Sapporo immiqrasiya xidmətinə təhvil verilib.
Xatırladaq ki, Kunaşir və Hokkaydo adaları arasındakı məsafə təqribən iyirmi kilometrdir.
Yujno-Kurilsk şəhər administrasiyasından isə bildirilib ki, daha əvvəl Udmurtiyadan Kuril adalarına gəlmiş rusiyalı burada üç il yaşayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saxalin vilayəti sərhəd idarəsindən isə hadisə ilə bağlı araşdırma aparıldığını qeyd ediblər.
Həmçinin oxuyun:
Kuril adalarından Yaponiyaya üzüb gəlmiş rusiyalı sığınacaq istəyib