BAKI, 22 avqust - Sputnik. Azərbaycanın startap ekosistemi hələ də tam qaydasında formalaşmayıb. Startap layihələri ilə bağlı bir çox mexanizm kağızda mövcud olsa da, onların İT mühitinə ciddi təsirindən danışmaq olmaz. Problem bir deyil, iki deyil, üç deyil. Saymaqla bitməz. Hara əl atsan, bir çətinlik var.
Startapçılar da unuduldular, onların layihələri də
Haradasa 10-12 il öncə ölkədə startap hərəkatının genişlənəcəyi, ideyalar üçün əlverişli mühitin tezliklə yaradılacağı gözlənilirdi. İnkubasiya mərkəzləri də, gənc proqramçılara işləmək üçün şərait də yaradılırdı. 2014-cü ildən başlayan böhran bir çox ümidi boşa çıxartdı. Startapçılar da unuduldular, onların layihələri də.
Azərbaycan Global Startup Ecosystem reytinqinə görə 2021-ci ildə 89-cu yerdə qərarlaşıb. Bu siyahıda Monqolustan 88-ci, Küveyt isə 90-cı yerdədir. Monqolustanın bu reytinqdə aşağı mövqedə olması anlaşılandır, çünki ölkə əsasən heyvandarlıqla dolanır. Əhali sayı az, ərazi isə böyükdür. Otlaq sahələrində mal-qaranın otlaması üçün ideal şərait var. Di gəl, ölkədə bir neçə şəhəri çıxmaq şərti ilə böyük supermarket şəbəkəsi belə yoxdur. Bunu ölkəyə səyahət edən bloqçular qeyd edirlər. İnternet zəifdir, mobil şəbəkədə də problem yaşanır. Yəni hansısa startap layihəsinə dəstək olmaq texniki səbəbdən alınmır. Doğrudur, Monqolustan 2006-cı ildə ilk trolleybusunu istehsal edə bilib, yəni ölkənin həm elmi, həm də sənaye potensialı var, illik inkişaf göstəriciləri də pis deyil. Sadəcə, startap layihələri və İT infrastrukturunun inkişafına gücləri çatmır.
Çinin Şençjeni - dünyanın futurizm mərkəzlərindən biri sayılır
Startap reytinqində ABŞ, Böyük Britaniya, İsrail, Çin, Estoniya, Rusiya kimi ölkələr daha yaxşı mövqedə qərarlaşıb. Ən yaxşı startap ekosistemi siyahısında isə əlavə olaraq həm də Kanada, Almaniya, İsveç kimi ölkələr yer alıb. Ümumiyyətlə, ideya və startaplara münasibət baxımından Çini xüsusi qeyd etməyinə dəyər.
Məsələn, Çinin Şençjen şəhəri dünyanın möhtəşəm futurizm mərkəzlərindən biri sayılır. Burada benzinlə işləyən bircə belə nəqliyyat vasitəsi yoxdur. İnsanın arzuladığı, əldə etmək istədiyi hər bir şey bu şəhərdə artıq həllini tapıb, amma proses dayanmaq bilmir. Vaxtilə kiçik əyalət şəhərciyi birdən-birə ucu-bucağı bilinməyən meqapolisə çevrilib. Özündə güc-qüvvə duyan hər bir gənc burada perspektivli layihəni reallaşdıra bilər. Hazırda burada artıq milyonları qazanmış gənclərə hər addımbaşı rast gəlmək mümkündür. Heç bir xarici dil bilmədən xüsusi proqramın köməyi ilə Şençjenin istənilən yerində baş çıxarmaq olar. Sifariş edilən yemək belə xüsusi qorunma kamerası olan dronun vasitəsi ilə çatdırılır. Bu kamera alıcının istəyi ilə dondurmanı soyuq, yeməyi isə isti saxlaya bilir.
Bakı 455-ci yerdə qərarlaşıb
Startap layihələri üçün cəlbedici şəhərlər siyahısında bizə yaxın ölkələrdən Moskva, Kiyev, İstanbul, Tallinn, Vilnüs yer alıb. Bakı isə 1000 ən yaxşı ekosistem şəhər siyahısında 455 yerdə qərarlaşıb.
Azərbaycanda startap layihələrin ən ciddi problemi investisiyaların olmamasına bağlıdır. Dövlət vəsait ayırmır, şirkətlər də maraqlı deyil. Xarici investisiyaların da yoxluğu qanunvericilikdə olan boşluqlara bağlıdır. Çox nadir halda kənardan investisiya əldə edən tək-tük startapa rast gəlmək olar.
Əslində, startap layihələrinə dəstək olacaq xeyli qurum var. Bəzi ideyalar zəif də olsa, reallaşır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bu prosesin önündə olmalıdır. Amma nazirliyin tərkibində olan İnnovasiya Agentliyi faktiki olaraq fəaliyyət göstərmir. Nazirliyin nümayəndələri hər bir startap tədbirinə həvəslə qoşulurlar, amma real işlərdən danışmaq bir qədər çətindir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinın ("ASAN Xidmət") dəstəyi ilə “Azərbaycan 500 ASAN Startap Proqramı”na bu il start verilib. "ASAN Xidmət" və “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı, vençur maliyyələşməsinin təşəkkülü üzrə proqramların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də startap layihələrin işkişafı ilə bağlı müəyyən iş aparır. KOBİA-nın nəzdində yaradılan Ekspertlər Şurası startap şəhadətnaməsinin verilməsi üçün sahibkarlıq subyektlərinin müraciətinə baxmaqla məşğuldur. Qanunvericiliyə görə, belə şəhadətnaməni əldə edən sahibkar 3 illik innovasiya fəaliyyətindən əldə etdiyi gəlir vergisindən azad edilir. Hər halda hansısa bir formada startap layihələrinə dəstəkdir.
Dövlət xətti ilə hər hansı bir sifariş yoxdur
Yerli startaplara İT sahəsinə ayrılan çox böyük investisiyalardan, demək olar, heç nə düşmür. Kənardan investisiya almaq olmur, dövlət xətti ilə hər hansı bir sifariş və ya yardım yoxdur. Hətta ən gözəl ideyası olan biznes layihənin belə şəraitdə inkişaf edəcəyinə ümid azdır. Reallıqda nə baş verir? Yaxşı ideyası, istedadı olan gənc proqramçı və ya İT sahəsinə bağlı olan insan xarici şirkət və ya investorlara çıxış axtarmaqla məşğul olur, imkan yaranan kimi də çıxıb gedir. Ən istedadlı və perspektivli azərbaycanlı gənclər dünyanın nəhəng İT şirkətlərində çalışırlar. Burada pis bir nəsə yoxdur, Azərbaycan hansısa İT nəhəngindən daha yaxşı şərtlər irəli sürmək iqtidarında deyil, amma bir çox lokal məsələni həll etmək üçün imkan yetərlidir.
Dil ilə bağlı internetdə heç bir sistemli sayt yaradılmayıb
Hamıya məlum bir həqiqət var: yeni bir ağac yetişdirmək üçün ilk 3-5 il ona mütləq intensiv qulluq edilməlidir. Qidası, suyu vaxtı-vaxtında verilməli, parazitə qarşı dərman vurulmalıdır. Yoxsa ağac elə ilk iki ildə istiyə davam gətirməyib quruyacaq. Startap layihələri də belədir, gərək hər cür dəstək verilsin. Məsələn, AMEA-nın tərkibində fəaliyyət göstərən Nəsimi adına Dilçilik Institutunun işində yeni, innovativ proseslərin tətbiq edilməsinə çoxdan ehtiyac duyulur. Hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılsa da, institutun işindən xeyli narazılıq var. Dövlət xətti ilə buraxılan nə qədər lüğətin indiyəcən fərli-başlı bir elektron versiyası hazırlanmayıb. Biri varsa da, digəri yoxdur. Azərbaycan dili ilə bağlı internetdə heç bir sistemli sayt yaradılmayıb. Hətta Azərbaycan Orfoqrafiya lüğəti əsasında mətni orfoqrafik və ya üslub baxımdan yoxlamaq üçün heç bir onlayn imkan da yoxdur.
Belə imkanlar ingilis, fransız, ispan və ya rus dilində çoxdan var. Məsələn, orfoepiya lüğətinin rus dilində olan bir neçə kitabını həm internetdən kompüterə yükləmək olar, həm də elə onlayn versiyasından yararlanmaq. Azərbaycan dilində sürətli yazı üslubunu mənimsəmək üçün bircə trenajor yoxdur. Heç olacağına da ümid azdır. Onu yaratmaq üçün kiçik bir vəsaitin olması kifayət edərdi. Amma indiyəcən bunu düşünən olmayıb.
Problem tək dil müstəvisində deyil. Qədim əlyazmaların əski əlifbadan latın qrafikasına çevrilməsi üçün proqramın yaradılması mühüm məsələdir. Bir dəfə yaradılır, sonra yüzlərlə kitabı çevirmək olur, ya da kiril əlifbasında olan kitabları xüsusi skanerin köməyi ilə latın qrafikasına çevirmək üçün ilk növbədə proqram təminatı olmalıdır. Kitabxana sahəsi, arxiv işində, AMEA-nın digər qurumlarında görüləsi o qədər elektronlaşma işi var, illərlə çalışsan, bitən deyil.
Bu işi yerli startapçılar görməlidirlər
Bütün bu işləri görmək lazımdır, özü də bunu xarici şirkətlər yox, yerli İT mütəxəssisləri, startapçılar görməlidirlər. Sadəcə illik büdcə ayırıb, startapçıların qoşula biləcəyi tenderlər elan edilməlidir. 5 il, 10 il ötər, bu gün özünə ən cüzi vəsaiti tapa bilməyən hər bir kiçik biznes layihəsi böyüyüb sanballı İT şirkətinə çevrilə bilər. Həm də bəzi işlər elə mütləq görülməlidir, ölkəyə gələn turisti anlamaq üçün mükəmməl tərcümə proqramı da, haraya getməyi, hansı restoranda nahar etməyi izah edən onlayn sistem də olmalıdır.
Startapçıların reallaşdıra biləcəyi layihələr hələ qabaqdadır.
Eləcə də oxuyun:
Orxan Məmmədov gənc sahibkarları aktiv olmağa səslədi
Azərbaycanda regional turizm startap təlimçilərinin bazası yaradılıb
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Azərbaycanda yaradılan yeni PUA cinayətkarları təqib edəcək
Azərbaycanda bir neçə şəxs üç il gəlir vergisi ödəməyəcək
İqtisadi islahatlardan danışarkən - Sahibkarların kreditlərə əlçatanlığı necədir?