BAKI, 20 avqust — Sputnik. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, videomüraciətdə bildirilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il dünyada 1 milyona yaxın insan öz istəyi ilə həyatına son qoyur: "Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.
Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq".
"Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır!
Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!" - deyə müraciətdə bildirilir.
Qeyd edək ki, 2020-ci ilin birinci yarım ili ərzində isə 292 intihar hadisəsi qeydə alınıb. Bu isə o deməkdir ki, ötən illə müqayisədə intiharların sayı artıb.