BAKI, 19 avqust — Sputnik. Azərbaycan Xəzər hövzəsində açar dövlətlərdən biridir, Bakının özünün dəniz, hava və quru sərhədlərinə nəzarəti təkcə Azərbaycanın milli maraqlarına cavab verməklə qalmır, o, eləcə də dünya arenasında aparıcı oyunçuların milli maraq dairəsinə daxildir.
Bunu Sputnik Azərbaycan-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Bütün dünya Əfqanıstandakı siyasi vəziyyəti izləməkdə və taliblərlə dialoqu hansı yöndə qurmağı düşünməkdə ikən erməni KİV-ləri situasiyada “müsbət” çalarlar tapıblar: onlar Azərbaycanın tranzit ölkə kimi bonuslardan məhrum olduğunu proqnozlaşdırırlar.
“Azərbaycanın əhəmiyyəti əfqan tranziti ilə bitmir. Erməni analitiklər nahaq qabaqcadan sevinirlər. ABŞ, erməni lobbiçilərin səylərinə baxmayaraq, Azərbaycana Ermənistandan daha çox hərbi yardım göstərib və göstərməyə də davam edəcək”, - Musabəyov deyib.
O əmindir ki, regionda hazırda Azərbaycanın xeyrinə olan qüvvələr nisbəti dəyişməyəcək. Və burada əfqan tranzitinin Azərbaycandan keçib-keçməyəcəyinin əhəmiyyəti yoxdur.
Azərbaycan Parlamentinin deputatı Arzu Nağıyevin fikrincə, erməniləri narahat edən taliblərin ilk növbədə Türkiyəni özlərinə dost ölkə adlandırması faktıdır.
“Azərbaycan və Türkiyənin sülhməramlı qüvvələri Əfqanıstandadır. Bundan başqa, Pakistan dövləti də talibləri dəstəkləyir, yəni demək olar ki, əməkdaşlıq edir. İslamabadın, öz növbəsində, Bakı ilə münasibətləri yaxşıdır. Ona görə də taliblərin hansısa məsələdə necə davranacaqları barədə bu gün proqnoz vermək mümkün deyil, bu, sadəcə, erməni tərəfinin təbliğatıdır”, - Nağıyev deyib.
Milli Məclisin deputatı həmçinin qeyd edib ki, taliblərlə bağlı məsələdə ən vacib dövlət Rusiyadır, çünki problem onun sərhədlərinə yaxınlaşmaqdadır.
“Orta Asiya ilə minlərlə kilometr sərhədə hazırda taliblər nəzarət edirlər, Rusiya isə hələ taliblərin legitimliyini tanımayıb”, - deputat qeyd edib.
Taliblər hələ BMT çərçivəsində digər dövlətlər tərəfindən tanınmalıdır. Yəni bu gün hətta taliblərin Azərbaycanla münasibət qurmayacaqları barədə danışmaq da tezdir.
“Ermənilər bu cür məsələləri sırf siyasi məqsədlərlə qaldırırlar ki, bütün dünyaya taliblərin Azərbaycanla əməkdaşlıq etməyəcəklərini göstərsinlər. Bu, siyasi məsələdir”, - Sputnik Azərbaycan-ın həmsöhbəti əımindir.
Xatırladaq ki, Azərbaycan nəinki Türkiyə-Əfqanıstan istiqamətində yüklərin daşınması üçün dəhlizin bir hissəsidir, həm də beynəlxalq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat-logistika dəhlizlərinin aparıcı oyunçusu kimi dəyərləndirilir. Məhz Azərbaycan ərazisi – hansı ki, hazır infrastruktura və işlək limanlara malik həm quru, həm dəniz yoluna sahibdir, - nəqliyyat marşrutlarının ayrılmaz hissəsidir. Beynəlxalq nəqliyyat-logistika əməliyyatlarında Azərbaycanın rolu Zəngəzur dəhlizi açıldıqdan sonra isə daha da artacaq.
Ona görə də əgər Əfqanıstan istiqamətində yükdaşımaların müəyyən azalması müşahidə olunarsa, bu, müvəqqəti xarakter daşıyacaq və Azərbaycanın nəqliyyat habı kimi əhəmiyyətinə heç bir təsir göstərməyəcək.
“Dünya təcrübəsindən məlum olduğu kimi, ölkələrin geosiyasi maraqları həmişə prinsiplərdən üstün olub, ona görə də dünyanın nəhəng dövlətlərinin Əfqanıstanda hakimiyyətə gələn taliblərlə dialoq quracağı və bu ölkənin beynəlxalq layihələrə qayıdacağı gün uzaqda deyil. O halda Azərbaycanın da tərkib hissəsi olduğu Lapis-Lazuli dəhlizinin bərpasında heç bir maneə qalmayacaq”, - Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
Eləcə də oxuyun:
Ermənistan üçün qaçılmaz variant: Paşinyanın imza atdığını yerinə yetirməyə borcludur
Politoloq: “Qafqazın gələcək inkişafı əməkdaşlıq münasibətlərinin qurulmasından keçir”
Qarabağ, sərhəd, sülhməramlılar: həftənin əsas mövzuları
Əşrəf Qəni Əfqanıstan xalqına müraciət etdi
Ekspertlər: Azərbaycan turizm infrastrukturuna görə Xəzər regionunda birinci yerdədir