Əşrəf Qəni Əfqanıstan xalqına müraciət etdi

Qəni yaxın vaxtlarda ölkəyə qayıdacağını bildirib. O, əmin etməyə çalışıb ki, xalqını satmayıb və Kabildən çıxarkən pul aparmayıb.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Əfqanıstandan qaçan sabiq prezident Əşrəf Qəni sosial şəbəkədə xalqa videomüraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, BƏƏ-də olduğunu deyib, Kabildən qaçarkən özü ilə xeyli pul apardığı barədə xəbərləri isə təkzib edib. 
"Kabilin süqutu günü nə baş verdiyinin təfərrüatını sonra danışacam... Mən Əfqanıstanı tərk etməyə məcbur idim, çünki Kabildə qan axıdılmasına səbəb olmaq istəmirdim", - Facebook-dakı paylaşımında Qəni bildirib.
O deyib ki, Taliban* hərəkatının üzvləri Kabilə girməyəcəklərinə söz versələr də, teziklə prezident sarayını mühasirəyə alıblar.
"Kabildən pul çıxardığım barədə xəbərlər həqiqətə uyğun deyil", - söyləyən Qəni yaxın vaxtlarda ölkəyə qayıdacağını bildirib.
"Əgər kimsə sizə desə ki, prezident özünün maliyyə maraqlarına görə sizi satdı və canını qurtarmaq üçün qaçdı - inanmayın", - Qəni əlavə edib.
Qeyd edək ki, bir neçə saat əvvəl İranın YJC agentliyi Əşrəf Qəninin BƏƏ-nin paytaxt Əbu-Dabidə xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayıb 
Bildirilib ki, o, bir neçə saat əvvəl xəstəxanaya gətirilib və vəziyyəti getdikcə pisləşir.
Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq Üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Əfqan uşağı himayəsinə götürmək istəyən Xalq artisti tənqidlərə tuş gəlib
Politoloq: “Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacağını düşünürsə, yanılır”
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
Müdafiə nazirinin İnterpoldan xahişi: Əşrəf Qənini həbs edin
Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Əfqanıstandan qaçan prezident xəstəxanaya düşüb