CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ikinci olan qız "Avroviziya"da səhnəyə çıxacaq

Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək "Junior Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək. Bu barədə Sputnik Azərbaycan-a İctimai Televiziyanın Mətbuat katibi Aynurə Asimqızı bildirib.
Onun sözlərinə görə, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən "Səs Uşaqlar" mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşıb.
Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır: "Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar. Hələ ki, Sonanın hansı mahnını ifa edəcəyi bəlli deyil".
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.
Məlumat üçün bildirək ki, Avropa Yayım Birliyinə üzv dövlətlərin nümayəndələrinin iştirak etdiyi illik beynəlxalq televiziya mahnı yarışması 16 yaşdan kiçik uşaqların ifaçı kimi çıxış etməsi üçün yaradılıb. Müsabiqə bütün Avropada televiziya və radioda və dünyanın digər ölkələrində, eləcə də internetdə yayımlanır.