CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq - Emin Hüseynov

Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlarımız üçün tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil olunacaq.
Sputnik
BAKI, 14 avqust — Sputnik. “Bu səfərlər həmin o böyük qayıdışın ilkin hazırlıq mərhələsidir. Biz istəyirik ki, vətəndaşlarımız mənfur düşmənimizin daşı-daş üstə qoymadığı, viran qoyduğu torpağımızın indiki vəziyyətini, həm də burada gedəcək bərpa-quruculuq işlərini yaxından izləmək imkanı əldə eləsinlər. Öz torpaqlarına səfər eləsinlər.
Cümə məscidi, Pənahəli xanın imarəti, Qiyaslı məscidi, bu gün burada olduğumuz Şahbulaq qalası - bu vacib məkanları ziyarət eləsinlər. Bu yerləri müşahidə eləsinlər. Sözsüz ki, bunlar hamısı o böyük qayıdışın ilkin mərhələsidir. Artıq şəhərdə baza infrastrukturu qurulduqdan, təhlükəsizlik məsələləri tam təmin olunduqdan sonra bu proses də başlayacaq”.
Sputnik Azərbaycan bildirir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bölgəyə səfər edən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllüləri qarşılayarkən deyib.
1 / 4
2 / 4
3 / 4
4 / 4
Səfər çərçivəsində ilk olaraq birinci Qarabağ xanı Pənahəli xanın yay sarayına ziyarət təşkil olunub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağdam rayonu üzrə nümayəndəsi Mirzə Cavadov qonaqlara XVIII əsrə aid tarix-memarlıq abidəsi haqda ətraflı məlumat verib, onlara Mehdiqulu xanın və Xurşidbanu Natəvanın məzarlarını göstərib.
Eyni zamanda abidənin və məzarların ermənilər tərəfindən dağıdıldığı qeyd olunub. Qonaqlardan Gənclər Təşkilatının idarə heyətinin üzvü Əhliyyət Mehdiyev bildirib ki, bu gün onların şahidi olduqları - ermənilərin bu 27 il ərzində Ağdamda törətdikləri vandallığının bariz nümunəsidir: “Azərbaycanın qədim torpağı olan Ağdam rayonunun maddi-mənəvi mədəniyyət abidələrini darmadağın ediblər. İnsanlığa sığmayan vəhşiliklər törədiblər. İnsan bu vəziyyəti görəndə ürəyi parçalanır. Amma inşallah, tezliklə Ali Baş Komandanımızın, dövlətimizin dəstəyi ilə Ağdam şəhəri dünyanın ən müasir şəhərlərindən biri kimi qurulacaq, yenidən inkişaf edəcək və bölgənin ən böyük, ən gözəl şəhərlərindən birinə çevriləcək”.
Gənclər Təşkilatının idarə heyətinin üzvü Əhliyyət Mehdiyev
Daha sonra qonaqlar Ağdam Çörək muzeyinə baş çəkiblər. Onlar burada da ermənilərin törətdiyi vəhşiliyin şahidi olublar. Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək ictimai birliyinin sədri Toğrul Allahverdiyev bu vəhşiliyin analoqunun heç bir müharibədə yaşanmadığını qeyd edib: "Digər ölkələrin müharibələrinə baxanda görürsən ki, əsgərlə əsgər müharibə edir. Bu, təbii haldır. Ancaq ermənilərin məscidə, dini abidələrə, təbiətə, insanların evlərinə hücumları dünya tərəfindən qəbul olunmayan bir məsələdir. Bu da erməni vandalizminin bariz nümunəsidir.
Mən ikinci səfərimdə şahidi oldum ki, Azərbaycan dövləti artıq yenidənqurma işlərinə başlayıb. İnanıram ki, Ağdam dünyanın ən inkişaf etmiş şəhərlərindən birinə  çevriləcək”.
Qonaqlar arasında yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev də vardı. O bildirib ki, tezliklə yenidən qurulan Ağdamda idman yarışları keçiriləcək.
Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev 
“Gəlmişik otuz il həsrətində qaldığımız Qarabağ torpaqlarımıza. Ağdam rayonuna. Yaxından tanış oluruq, burada ermənilərin dağıtdığı yerləri görürük. Burada yenidən bərpa işləri gedir. İnşallah, yaxın vaxtlarda azad edilmiş torpaqlarda yeni idman arenaları və mədəniyyət sarayları tikiləcək, orada idman yarışları və digər layihələr həyata keçirəcəyik. Mən buna əminəm və səbirsizliklə o günləri gözləyirəm", - dünya çempionu deyib.
Qonaqlar həmçinin Ağdam Cümə və Qiyaslı məscidlərini və Şahbulaq qalasını da ziyarət ediblər. Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov hazırda Ağdam rayonunda  genişmiqyaslı bərpa işlərinin bağlandığını bildirib.
“Bərpa işləri ilə bağlı artıq baş plan təsdiq olunub. Cənab prezident tərəfindən Azərbaycan ictimaiyyətinə təqdim edilib. Hazırda bu planın reallaşdırılması istiqamətində xüsusi yaradılmış əlaqələndirmə qərargahı çərçivəsində sistemli şəkildə məqsədyönlü işlər gedir. Və bütün bu işlərin nəticəsi olaraq, tezliklə həm Ağdamdan olan məcburi köçkünlər, həm də ümumiyyətlə Ağdamın özünün ölkənin dördüncü böyük şəhəri olacağını nəzərə alaraq, digər arzusunda olan vətəndaşlarımız buraya köçüb, yaşamaq imkanı əldə edəcəklər. Bununla bağlı artıq müəyyən işlər gedir”.
Prezidentin xüsusi nümayəndəsi həmçinin qeyd edib ki, tezliklə vətəndaşlarımız üçün "Yolumuz Ağdama” adlı səfərlər təşkil olunacaq.

"Yolumuz Ağdama” layihəsi

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildiriblər ki, "Yolumuz Ağdama" adlanan ilk belə səfərin Ağdam şəhəri daxil olmaqla bu rayonun minalardan təmizlənmiş hissəsinə təşkili nəzərdə tutulur. Zəruri hazırlıq və təhlükəsizlik işləri başa çatdıqdan sonra işğaldan azad olunmuş digər ərazilərə də belə səfərlərin təşkili planlaşdırılır.
"Yolumuz Ağdama" səfərləri xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil olunacaq.
Məlum olduğu kimi, işğaldan azad edilmiş bir çox ərazilərdə, o cümlədən Ağdamda infrastrukturun bərpası və yenidənqurma işlərinə başlanılıb, Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim edilib. Bu baxımdan "Yolumuz Ağdama" səfərlərinin təşkilinin davam etməkdə olan bərpa işlərinin hazırki ilkin mərhələsindən başlaması vətəndaşlarımıza həm mənfur düşmənin törətdiyi vandalizmin və vəhşiliklərin şahidi olmaq, həm də şəhər və digər yaşayış məntəqələri bərpa edildikcə gedən quruculuq işləri ilə tanış olmaq üçün tarixi bir imkan yaradacaq.
Bununla yanaşı, bir daha qeyd olunmalıdır ki, hazırda minalar və partlamamış hərbi sursatlarla bağlı ciddi təhlükə qalmaqda davam etdiyi üçün işğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlər qadağandır. Səfərlərin təşkil ediləcəyi dəhliz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən minalardan təmizlənsə də, digər ərazilərdə işlər hələ davam edir. Bunu nəzərə alaraq səfər iştirakçıları bütün qaydalara və göstərişlərə əməl etməlidirlər.
Qeyd olunanları nəzərə alaraq tezliklə təşkil olunacaq "Yolumuz Ağdama" adlı səfərlərin keçiriləcəyi tarix və şərtlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Eləcə də oxuyun:
Amerikalı müğənni Qarabağda gördüklərindən şoka düşüb
Qarabağa baş memar təyin olunacaq