BAKI, 13 avqust — Sputnik. Bir neçə gün öncə "TikTok”da narkotik vasitələri təbliğ edən musiqili videolar yayan şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb. Bu şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumat verilib. Adı çəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.
Göründüyü kimi, bu şəxslər narkotik satışı ilə deyil, onun təbliğatı ilə məşğul olublar. Təbliğat, bəlkə də narkotik satışından daha ağır hesab edilə bilər. Çünki bu nüans da özlüyündə müəyyən bir kütlənin uçuruma yuvarlanmasıdır. Belə bir sual ortaya çıxır: Bu şəxslərin yaydıqları musiqili videolarla bunadək kimlərsə narkotikə aludə olub, olmayıb - bunu hansısa bir yolla sübuta yetirmək mümkündürmü?
Sputnik Azərbaycan bu mövzuyla bağlı millət vəkilləri Bəhruz Məhərrəmov və Tahir Kərimlinin fikirlərini öyrənib. B.Məhərrəmov bildirir ki, cinayət əməlinə hüquqi qiyməti məhkəmə verir, hüquq-mühafizə orqanları da yalnız prosessual əsaslarla hərəkət edirlər. Əməllərin tərkibində inzibati xətalar varsa, inzibati tədbir görülür. Xətaya uyğun olaraq müvafiq addımlar atılır. O bildirir ki, polisi, yaxud da hansısa inzibati orqanı yalnız o halda qınaya bilərik ki, onlar fəaliyyətlərində inzibati prosessual formatdan kənara çıxalar:
"Düşünmürəm ki, bizim hüquq-mühafizə orqanlarımız belə həssas məsələdə qanunvericiliyin tələblərindən kənara çıxsınlar. Lakin "bu şəxslərin sərbəst buraxılıb-buraxılmaması" ilə bağlı sualınıza, yəni, belə olarmı, yaxud olmazmı, məsələsinə gəldikdə, qeyd edim ki, bu artıq qanunvericilikdə dəyişiklik tələb edən məsələdir. Hesab edirəm ki, bu məsələlər ətrafında düşünmək olar".
"Düşünürəm ki, sırf qeyd etdiyiniz bu məsələdə də DİN qanunvericiliyi rəhbər tutaraq həmin şəxsləri sərbəst buraxıb", - deyə B.Məhərrəmov əlavə edib.
Həmsöhbətimiz deyir ki, bir müddət öncə parlamentdə aidiyyəti məsələ ilə bağlı çıxış edərək qanunvericilikdə sanksiyaların sərtləşdirilməsinə tərəfdar olduğunu vurğulayıb: "Sanksiyaları sərtləşdirəcək orqan isə nə Daxili İşlər Nazirliyi, nə də ki digər orqanlardır. Bu məsələ parlament səviyyəsində həllini tapmalıdır".
Millət vəkili Tahir Kərimli ümumiyyətlə son zamanlar narkotikin ölkədə sürətlə yayıldığını deyir. T.Kərimli bildirir ki, bunun əsas səbəblərindən biri də süni narkotik vasitələrin laboratoriya şəraitində asanlıqla düzəlməsidir:
"Artıq əhali arasında narkotik sürətlə yayılır və hökumət özü də etiraf edir ki, narkotiklərə qarşı mübarizə hədsiz dərəcədə çətinləşib. Hətta belə şübhələr var ki, ölkə içərisində də laborator şəraitdə bunların hazırlanması baş verə bilər".
Millət vəkili müəyyən zərərli materialların yayılmasında vasitə olan "TikTok"un bağlanması ilə bağlı bir neçə dəfə təkliflə çıxış etdiyini də vurğulayıb: ""TikTok"un haradasa müəyyən faydalı cəhətləri ola bilər. Ancaq ümumilikdə nəzər yetirdikdə burada gənclərmizi yoldan çıxaran bayağı, lazımsız, əxlaqdan kənar paylaşımlar olur. O cümlədən, narkotiklə bağlı belə paylaşımları da qeyd etmək olar. Bu cür videoların həmin sosial şəbəkədən silinməsi doğru addımdır. Narkotik maddələrin satışı və yayılması ilə məşğul olub, xeyli şəxsə zərər vuran şəxslər mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Görünür ki, "TikTok"da narkotik ilə bağlı musiqi və videolar yayan həmin şəxslərin paylaşımları yüngül hal kimi qiymətləndirilib. Biz istənilən halda belə materialın zərər vurduğunu bilirik, amma bu zərər hansı səviyyədədir, onu bilmirik".
"Hesab edirəm ki, bu məsələ ilə bağlı hökumət təcili bir komissiya yaratmalıdır. Bu komissiya da narkotiklərlə mübarizə üçün bir proqram hazırlamalıdır. Lazım olarsa, qanunvericiliyə dəyişiklik edilməlidir", - deyə o əlavə edib.
Eləcə də oxuyun:
Müvəqqəti həzzin qurbanı olanlar - narkotik artıq onun bütün həyatını alt-üst edib
Gözəllik salonlarında arıqlama dərmanı adıyla "patı" satılır
"Narkotik dünyası"nda son durum: statistika faciəvidir
Ağ ölümü yayanlar "köhnə dostları"nı da unutmurlar: patı hamısını unutdurmuşdu