BAKI, 13 avqust — Sputnik. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının G.V-nin ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək ona qarşı zorakılıq edib. İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsib, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
Qeyd edək ki, uşaq nikahlarının, uşaqlara qarşı zorakılıq faktlarının, eyni zamanda da onların təhsildən uzaqlaşması hallarının azalmasının yox səviyyəsinə çatdırılması, bununla belə, məcburi əməyə cəlbedilməsi ilə bağlı primitiv mexanizmlərin təkmilləşdirilməsi və ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi və ötən il uşaq hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilib.