CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağının adını "qara milçək" qoymaq istəyən valideyni fikrindən daşındırdılar

Vətəndaşlar israr edirlərsə, qeydiyyat şöbələri onların istədiyi adı verir. Amma Nazirlər Kabinetinin 2011-ci il 13 may 79 nömrəli qərarına əsasən, uşaqların şəxsi mənafeyinə xələl gətirən adın qoyulmasına yol verilmir.
Sputnik
BAKI, 11 avqust — Sputnik. "Təəssüf ki, bir çox valideynlər uşağın adı ilə bağlı müraciət edəndə ya cizgi filmlərindən hər hansı personajın və yaxud hansısa əcnəbi adların qoyulmasını israrla təkid edirlər, hansı ki, mənasına baxanda o ad çox pis səslənir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova deyib.
Onun sözlərinə görə, qeydiyyat şöbələrinin əsas vəzifələrindən biri maarifləndirmə işinin aparılmasıdır: "Belə hallarla qarşılaşanda da qeydiyyat şöbələri valideynlərə tövsiyələrini verir, həmin adların qoyulması ilə uşağın gələcəkdə həmyaşıdları arasında gülüş mənbəyinə çevriləcəyi, xəcalət çəkə biləcəyi deyilir. Təbii ki, vətəndaşlar israr edirlərsə, qeydiyyat şöbələri həmin adı verir. Amma eyni zamanda, Nazirlər Kabinetinin 2011-ci il 13 may 79 nömrəli qərarına əsasən, uşaqların şəxsi mənafeyinə xələl gətirən adın qoyulmasına yol verilmir. Gənc valideynlərə müraciət edirəm ki, uşaqlara ad qoyanda daha diqqətli seçim etsinlər ki, uşaqlar böyüyəndə həmyaşıdlarının gülüş mənbəyinə çevrilməsinlər".
R.Kərimova bir neçə müddət əvvəl bir valideynin müraciət edərək uşağına Moza adının qoyulmasını israrla təkid etdiyini deyib: "Bu adın mənasına baxdıqda, "qara milçək" olduğunu gördük. Valideynə bunu bildirəndə o, özü də bu adın verilməsindən imtina etdi".
R.Kərimova vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən də uşaqlara gülünc adların qoyulmasına yol verilmir. Onun sözlərinə görə, vətəndaşların qoymaq istədiyi adlar qeydə alınmadığı halda məhkəməyə müraciət etmək hüququ var: "Biz valideynlərə tövsiyə edirik ki, övladlarına gülünc adlar qoymaqdan imtina etsinlər".