CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlətin qayğısı, xalqın rifahı, mənim naşükürlüyüm...

Azərbaycanda dövlətin qayğısı sayəsində demək olar ki, heç bir yazar evsiz deyil, küçədə yaşamır və mən hansısa uzaq planetdən gəldiyim üçün bu əziyyəti çəkirəm. Evsizlik mənim problemim deyil, günahımdır və 15 ildir bu günahımı yumaq üçün gecə-gündüz çabalayıram.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Hər ilin ən azı bir ayını kirayə qalmaq üçün mənzil axtarıram. İlin ən azı bir həftəsi yeni mənzilə köçməyə, yerləşməyə gedir. Beynimin bir tərəfi durmadan, dayanmadan "kirayə pulunu necə tapmalı?"– sualı ilə məşğuldur. Məsələn, bu il kirayə mənzil elanları yerləşdirən saytlarda 500 saatdan çox vaxt keçirib, 50-yə yaxın əmlakçıyla canlı ünsiyyətdə olmuşam.
Bütün binalara, üzr istəyirəm, bunlara baxmayaraq, mənim üçün yenə də ən çətin iş kirayə mənzil tapmaq, əmlakçıyla uğurlu "bazarlıq etmək", kirayə mənzilə köçmək, yerləşmək, ev sahibi ilə dil tapmaq, kirayə mənzilin problemlərini həll etməkdir. Çox şükür, bu il artıq ikinci aydır ki, münasib mənzil axtarışındayam, çünki hazırda yaşadığım mənzilin kirayə haqqını ödəyə bilmirəm. Ola bilsin bu söhbət sizlərə gülməli, hətta çox məzəli görünə bilər. Bəli, gənclərin, xüsusilə yaradıcılıqla və elmlə məşğul olan insanların sosial qayğıyla əhatə olunduğu, dövlətin bütün müxalif düşüncəli yazarların, ziyalıların sosial təminatını həll etdiyi ölkəmizdə mənim etdiklərim mənasız vaxt itkisi, kirayə mənzil axtarışı gülməlidir.
Şəxsən mən dövlətin sosial qayğılarından, xüsusilə yazarlara, jurnalistlərə, yaradıcı insanlara yaradılan şəraitdən hədsiz dərərəcədə məmnunam. Elə yazıçılar, jurnalistlər, yaradıcı insanlar var ki, dövlətdən bir neçə dəfə mənzil alıb. Hətta dövlətdən aldığı mənzilə ehtiyacı olmadığı üçün onu kirayə verən qələm adamları da var. Bu qayğı, bu diqqət, bu sosial rifah şübhəsiz ki, məni də sevindirir. Hətta elə sevinirəm ki, hər ay kirayə pulunu ödəmək üçün sevinə-sevinə borc alıram, daha ucuz ev tapmaq üçün işdən sonra sevincək halda şəhərin küçələrini dolaşıram, nəşəli-coşqulu halda əmlakçılarla çənə-boğaz edirəm. Xülasə, yuxarıda yazdığımı əsla şikayət kimi başa düşməyin. Elə-belə, sizlərin kefini açmaq üçün yazmışam.
***
Bir yazarın həyatı məhz bu çətinliklər, məhrumiyyətlər, əziyyətlər içərisində keçməlidir. Düzdür, Azərbaycanda dövlətin qayğısı sayəsində demək olar ki, heç bir yazar evsiz deyil, küçədə yaşamır və mən hansısa uzaq planetdən gəldiyim üçün bu əziyyəti çəkirəm. Yəni, evsizlik mənim problemim deyil, günahımdır və 15 ildir bu günahımı yumaq üçün gecə-gündüz çabalayıram. Təbii ki, kirayədə yaşayan milyonlarla insandan heç bir üstünlüyüm olmadığı üçün, əsla gileylənmirəm. Ucqar kənddə, çoxuşaqlı kasıb müəllim ailəsində doğulmaq, zamanında pul qazanıb ev almamaq, yadplanetli olduğum üçün dövlətin sosial proqramlarından yararlana bilməmək mənim birbaşa öz günahımdır.
Sözgəlişi deyim ki, aylar öncə, "kirayə mənzil" layihəsinə müraciət etmişdim. Çox sürətli sənədləşmə prosesinin sonunda mənə Xırdalan şəhərində, kibrit qutusundan bir qədər böyük, dəyərindən 5 dəfə baha qiymətə mənzil təklif edildi. Mənzilə, yerləşdiyi əraziyə baxdıqdan, 25 il ərzində ödəyəcəyim məbləğə nəzər saldıqdan sonra bir siqaret yandırıb, köks ötürdüm. Təəssüf ki, bu şərtlər altında mənzil sahibi olmağı ağlımın ucundan belə keçirə bilməzdim. Çox şükür, "güzəştli mənzillər" layihəsində heç bir kriteriyaya uyğun gəlmədiyim üçün, müraciət də edə bilmədim. Yoxsa ora da müraciət edib, təklif olunan şərtlərdən məmnun qalmayıb özümü biabır edərdim. Halbuki, dövlət mükəmməl layihələr hazırlayıb və bu yeniliklər xalqın rifah halına tamamilə uyğundur.
***
Dövlətimizin qələm adamlarına, mədəniyyət və incəsənət nümayəndələrinə xüsusi qayğısı bəzən gözlərimi yaşardır. Bəzən bu qayğıdan kövrəlib ağladığım zamalar da olur. Belə həssas məqamlarda düşünürəm ki, kaş ki, ölkəmizdə "Qocalar evi", "Uşaqlar evi" olduğu kimi "Yazarlar evi" də olaydı. Məsələn, mənim kimi kasıb və tənha qələm adamları bu sığınacaqlarda yerləşib, yaradıcılıqla məşğul ola bilərdi və gileylənib dövlətin nüfuzuna zərbə vurmazdıq. Jurnalistlər üçün xüsusi bina, yazıçılar üçün yaradıcılıq evi, kirayə mənzillər, sosial evlər kimi layihələr vacibdir, mütərəqqidir. Ancaq mənim kimi bivec, kasıb, bacarıqsız, yeri gələndə tənqidi yazılar yazıb, müxalif fikirlər səsləndirən, cibi pulsuz, özü çulsuz yaradıcı adamların da sığınacağı bir yer olmalıdır.
Hazırda qocalar, kimsəsizlər evinə yerləşmək üçün yaşım uyğun deyil, əgər belə bir şansım olsa, vallah bu yazını yazıb sizin qanınızı qaraltmazdım. Ölkənin çiçəkləndiyi, jurnalistika və mədəniyyət sahəsində islahatların getdiyi bir dönəmdə mənim kimi bivec qələm adamının küçələrdə qalması şəxsən özümü də utandırır. Əgər vicdanım yol versə, bir bəhanə tapıb mühacirətə gedərdim, amma bunu da bacarmayacağımı bilirəm.
Bir halda ki, ölkədən gedə bilmirik, bütün gücümüzlə, bacarığımızla bu islahatlara dəstək olmaq bizim borcumuzdur. Lazım gəlsə, on il də məhrumiyyətlərə dözüb, sonra küçələrə düşmək olar. Hər halda, xoşbəxt yazıçıların, ağzıdualı şairlərin, şən-şaqraq mədəniyyət adamlarının yaşadığı bir ölkədə lazımsız problemlərdən yazmaq xoş qarşılanmadığı üçün, problemlərimə görə hər kəsdən üzr istəyirəm. Bu gündən xalqın rifahına baxıb şükür etməyə başlayacağam. Çalışacağam ki, bir daha belə naşükürlük etməyim.
Oxunmalı kitab: Corc Oruell, "Paris və Londonda qara qəpiksiz"
Nəşriyyat: "Qanun" Nəşriyyatı
Janr: Avtobioqrafik roman
Dili: Azərbaycan dili
Səhifə: 304
Birmada müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və London kimi Avropanın böyük şəhərlərində çox ağır şərtlərdə yaşayır. Yoxsulluq içində keçirdiyi bu illəri yazıçı "Paris və Londonda qara qəpiksiz" romanında çılpaq bir dillə qələmə alıb. Əksər ədəbi tənqidçilər bu romanı avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud təxəyyül məhsulu olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir. Corc Oruellin bu əsəri yoxsulluq və səfalətin ən yaxşı təsvirlərindəndir.
Həmçinin oxuyun:
Xaotik düşüncələr: Pul insanı necə dəyişir?
Məşhur olmaq üçün nə etməli?
Hazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”