BAKI, 10 avqust - Sputnik. Qvineya hökuməti ölkədə bir nəfərdə hemorragik Marburq titrətməsinə yoluxma faktını təsdiq edib, orada artıq Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupu işləyir, qonşu ölkələrə xəbərdarlıq göndərilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ÜST-ün bazar ertəsi yaydığı məlumatda deyilir.
Bir neçə gün öncə Qvineya hökuməti ölkədə bir nəfərin həddən artıq yoluxucu və ölümcül virus olan hemorragik Marburq xəstəliyinə tutulması şübhəsinin olduğunu bildirmişdi. Nümunələr iki laboratoriyada yoxlanmış, üstəlik, səhih olması üçün Seneqaldakı Paster İnstitutuna da göndərilmişdi.
Bildirlir ki, yoluxma faktı Quekudu əyalətində qeydə alınıb, bu həmin yerdir ki, 2014-2016 və 2021-ci illərdə ilk dəfə hemorragik Ebola virusuna yoluxma təsbit olunmuşdu. Afrikanın qərbində Marburq titrətməsinə yoluxma ilk haldır. Xəstələnən adam artıq ölüb.
ÜST bildirir ki, Marburq titrətməsi Ebolanı törədən viruslar ailəsindəndir.
"Biz tez reaksiya vermək üçün eyni üsulla yayılan Ebola xəstəliyinin ekspertizası və onunla mübarizədə təcrübəyə malik Qvineya Səhiyyə Nazirliyinin rəhbərliyi ilə işləyirik", - ÜST-ün Afrikadakı bölgə üzrə direktoru Matşidiso Moeti deyib.
ÜST Qvineyaya 10 ekspert göndərib. Onlar ölkə rəhbərliyinə hadisəni araşdırmağa, yoluxan adamın bütün kontaktlarını müəyyənləşdirməyə, eləcə də mümkün riskləri qiymətləndirərək sonrakı reaksiya üçün qüvvələri səfərbər etməyə kömək edirlər.
"İstənilən yoluxma halını tez müəyyənləşdirmək üçün sərhəddə müşahidə də gücləndirilib, qonşu ölkələr məlumatlandırılıb", - ÜST-dən bildirilib.
Marburq virusu yüksək ölüm dərəcəsi olan nadir xəstəlikdir. Onun üçün xüsusi virusəleyhinə bir müalicə yoxdur. Marburq virusunun təbii daşıyıcıları Pteropodidae sinfindən olan, bitki ilə qidalanan Rousettus aegypti yarasalarıdır. Marburq virusu yarasadan insana keçir və sonradan insandan-insana ötürülməklə yayılır.
Virusun inkubasiya dövrü 2-21 gündür. Xəstəlik qəfil, yüksək temperatur, güclü başağrısı və tam halsızlıqla başlayır. Xarakterik əlamətlərdən biri də əzələ ağrılarıdır. Üçüncü gün ağır maye diareya, qarın nahiyəsində ağrı və sancılar, ürəkbulanması və qusma yaranır. Xəstəliyin ağır gedişi zamanı əlamətlərin peyda olmasından 8-9 gün sonra insan ölür, bundan əvvəl isə o, xeyli qan itirir və şoka düşür.
Bundan öncə Marburq virusuna yoluxma halları Afrikada Anqola, Konqo Demokratik Respublikası, Keniya, Cənubi Afrika və Uqandada qeydə alınıb.
Eləcə də oxuyun:
Qvineyada ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildi
Peyvəndə qarşı dayanıqlı ştammlar yarana bilər - məşhur infeksionist
ÜST-ün koronavirus barədə romantik planları
Çindən daha bir "ilk": veterinar meymun virusundan öldü