BAKI, 10 avqust — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.
Sputnik Azərbaycan "Rosselxoznadzor"a istinadla xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə ərazisində alma yetişdirən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatlarının təhlili əsasında, habelə səlahiyyətli şəxslərin zəmanəti ilə verilib.
Həmin müəssisələr Bakının Nizami rayonunda yerləşən "EL FRUITS" MMC, Nəsimi rayonunda yerləşən "NİAB" MMC, Nərimanov rayonunda yerləşən "GF Company" MMC, Qusar rayonunda yerləşən "Agroline", "M-AGROFRESH" və "ECO FRUİTS" MMC-lər, eləcə də paytaxtda fəaliyyət göstərən fiziki şəxs - Mail Kişiyev və Şəmkir rayonunda fəaliyyət göstərən fiziki şəxs Musbat Həsənovdur.
Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Oktyabrdan vəziyyət dəyişəcək
1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.
Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.
Həmçinin oxuyun: