BAKI, 9 avqust - Sputnik. Bazar ertəsi, avqustun 9-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Qeyd olunur ki, söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Bolqarıstana təkcə təbii qaz deyil, elektrik enerjisinin də ixracına başlayıb və bu da energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Prezident Rumen Radev Azərbaycanda yaradılmış sosial innovasiya mərkəzlərinin əhəmiyyətini vurğulayaraq bu sahədə ölkəmizin təcrübəsinə maraq ifadə edib.
Bolqarıstanın dövlət başçısı Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlıq ifadə edərək, bu səfərin münasib vaxtda həyata keçiriləcəyini bildirib.
Eləcə də oxuyun:
Bizi xilas edəcək sərvət: Dünya bazarlarında təbii qaz niyə bahalaşır?
İlham Əliyev Türkiyə və Bolqarıstanla hərbi sazişləri təsdiqlədi
Skopye və Afina razılığa gəldilər: Şimali Makedoniya Azərbaycandan qaz alacaq