CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Narkotik dünyası"nda son durum: statistika faciəvidir

Hesabat dövründə aşkarlanan narkotik cinayətlərinin 181-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 167 kq 821,453 q narkotik vasitələr müsadirə edilib.
Sputnik
 
BAKI, 9 avqust — Sputnik. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı aşkarlanan faktların sayı açıqlanıb. Bu ilin 6 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 759,984 hektar sahədən çəkisi 139 ton 586 kq 977 q olan 344 059 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib.

Su çanağı suda sınar...

Qeyd edilib ki, bu ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 107 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 713 kq 289,914 q müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Hesabat dövründə aşkarlanan narkotik cinayətlərinin 181-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 167 kq 821,453 q narkotik vasitələr müsadirə edilib.
1242 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 591 kq 559,069 q müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.

Cinayətlər artıb

Təhlil göstərir ki, 2020-ci ilin I yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1244, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 478, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 732, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21, bu kateqoriyadan olan digər cinayətlərin sayı 13 fakt artıb.
Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 157 kq 053, 272 q, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 865 nəfər, qadınların sayı isə 23 nəfər artıb.
Narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 36 fakt azalmasına baxmayaraq, götürülən narkotik vasitələrin ümumi çəkisi 415 kq artıb. Eyni zamanda, qrup halında törədilmiş cinayətlərin sayı 13 fakt azalsa da, narkotik vasitələrin miqdarında 397 kq 821,4 qr artım olub.

Məhvetmə

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə müvafiq Sərəncamın tələblərinə uyğun olaraq, cari ilin 19-20 may tarixlərində Müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə ( 909 kq 985 q heroin,  516 kq 281 q marixuana, 240 kq 285 q tiryək, 27 kq 473 q həşiş, 1 kq 944 q kokain, 40 kq 312 q -18272 ədəd psixotrop maddə), o cümlədən 21190 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilib.

Sərxoşlar

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 31307 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 2264 nəfərindən 1238-nin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hesabat dövründə 2703 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 828 xəstə müalicə alır.

Narkomanlar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.
Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı 96 nəfər artıb (2020-ci ildə- 856 nəfər, 2021-ci ildə - 952 nəfər).

Cəzasını "içəridə" çəkənlər

Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 5970 nəfər təşkil edir. Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 1833 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 3556 nəfərdir.

İmmun çatışmazlığına yoluxanların yarıdan çoxu kişilərdir

Hesabat dövründə Azərbaycanda 293 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub. Ümumilikdə 1988-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8989 nəfər qeydiyyata götürülüb (8687-si Azərbaycan vətəndaşı, 302-i əcnəbi). İİV-ə yoluxanların 6434-ü kişi, 2555-i qadındır. Onlardan 3418-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2714 nəfəri hazırda dispanser qeydiyyatındadır.
2021-ci ilin 6 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 339 pasiyentdən 31 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 iyun tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6755 nəfər təşkil etmişdir ki, onların da 2301 nəfəri inyeksion narkotik istifadəçisidir.
Eləcə də oxuyun:
Ağ ölümü yayanlar "köhnə dostları"nı da unutmurlar: patı hamısını unutdurmuşdu
Nə dərəcədə sağlam həyat tərzi yaşayırıq - SORĞU
Narkotik intiharı və polisin müqaviməti: Kim kimi yenəcək?