BAKI, 9 avqust — Sputnik. Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.
Tərəflər, eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xatırladaq ki, cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Həmçinin oxuyun:
Polad Bülbüloğlu: RF-in Qarabağdakı missiyasının vaxtının uzadılması haqda danışmaq tezdir
Nazirlər zəngləşdilər: Türkiyənin yanındayıq, ehtiyac duyulan bütün dəstəyi göstərəcəyik