YAZARLAR

Pay verib pay almaq adəti, yaxud qoyunu kəsib yarısını Milli Məclisə verməli

Hətta hansısa bir ictimai fiqurdan müsahibə almağa gələn jurnalist üçün bəzən pul zərfi hazırlanır, yanına nəsə bir-iki başqa şey əlavə edilir. Jurnalist imtina edəndə, belə hərəkət təəccüb doğurur.
Sputnik
Azərbaycanda bəxşiş verib bəxşiş almaq çox normal qarşılanan haldır. Kiminsə evinə əliboş getmək, hörmət etdiyin bir şəxsə nəsə aparmamaq cəmiyyətdə qınanan bir haldır. Bizim insan öz evində heç vaxt yemədiyi bir bahalı şokolad qutusunu çox asanlıqla başqasına pay verə bilər, amma özünə almağa qıymaz.
Oğlan evi qız evinə nə apardı?
Kiməsə hədiyyə verməyə həmişə hazır olan Azərbaycan insanını bu mövzu çox maraqlandırır. Kiminsə qızına elçi gəldiyi zaman oğlan evi nə gətirdi? Bayramlarda oğlan evi qız evinə nə apardı? Qurban bayramında qurbanlıq qoyun kəsildimi?
Bu yöndən olan sualları qohum-əqrəba çevrəsində çox verilir, sonra da oturub bir xeyli müzakirə də edilir. Bir sözlə, pay verib pay almaq adəti Azərbaycan reallığı üçün adi haldır, bunun olmaması öz-özlüyündə bizim insana qəribə görünə bilər. Yerli adət-ənənəni bəyənməyən bəzi insanlar Avropa və ya ABŞ-da belə qaydaların olmadığını iddia edirlər. Hədiyyə vermək hər yerdə olsa da, bəzi ölkələrdə olan nəzakət qaydaları vəzifəli şəxslərə, məmura, özündən statusu yuxarı olan birisinə, adi dildə desək, müdirinə nəsə bahalı bir hədiyyə verməyi məqbul bilmir. Bir var, dost-tanış yanına gedirsən, özünlə qiymətli bir əşyanı pay aparırsan, bir də var işin keçən şöbə müdirinə qiyməti 10 min dollar olan saat bəxşiş edirsən. Belə bir addım mütləq rüşvət kimi qiymətləndirilə bilər.
Tramp ən bahalı hədiyyəni Bolqarıstanda alıb
Dünyanın bir sıra ölkəsində kənar şəxsdən verilən istənilən hədiyyə, hansısa bahalı xidmət, səyahət etmək üçün təqdim edilən tur, bahalı restoranda verilən qonaqlıq o dəqiqə mətbuatın diqqətini cəlb edə bilər. Öz işinə sevən iş adamları, məmurlar kimdənsə nəsə havayı bir şey götürməyə çəkinərlər.
Dövlətlərarası münasibətlərdə nəyisə bəxşiş etmək ənənəsi həmişə mövcud olub. ABŞ-da bu məsələ birbaşa dövlətin müvafiq qurumlarının nəzarətindədir. Dövlət başçısı və ya digər vəzifəli şəxslərə edilən bahalı hədiyyələr mütləq protokollaşdırılır, qeydə alınır. Prezidentə verilən hər bir hədiyyə mütləq ABŞ-ın Dövlət Departamentinin Protokol İdarəsinin Federal Reyestrinin elektron bazasında dərc olunur.
Müəyyən edilmiş limiti keçdikdə hədiyyələr saxlanılmaq üçün Milli Arxivə və ya Ümumi Məsələlər üzrə İdarəyə verilməlidir. Protokola görə, qiymətindən asılı olaraq ölkə başçısına təqdim edilən istənilən hədiyyə qəbul edilməlidir, çünki bəxşişdən imtina hədiyyə verəni və ABŞ hökumətini xoşagəlməz vəziyyətə qoya bilər.
Məsələn, 2019-cu ildə ABŞ-ın eks-prezidenti Donald Tramp ən bahalı hədiyyəni Bolqarıstanın baş naziri vəzifəsini icra edən Boyko Borisovdan alıb. Bu, Osmanlı imperiyasının vaxtından qalmış, qiyməti 8,5 min ABŞ dolları olan tüfəngdir.
Bəhreyn öz növbəsində 7,2 min ABŞ dollar dəyərində olan ərəb atının bürünc heykəlini, Vyetnam və Misir Trampın müvafiq olaraq müxtəlif çərçivələrdəki 5 250 və 4 450 dollarlıq portretlərini Birləşmiş Ştatların rəhbərinə təqdim ediblər. Keçmiş birinci xanım Melaniya Tramp Yaponiyanın keçmiş baş nazirinin həyat yoldaşından 2,6 min ABŞ dolları dəyərində inci sırğa alıb.
Gənc bir xanıma müdirin qızıl əşya bağışlaması anormaldır
Dövlət başçılarına verilən hədiyyələrin sırasında mənasız əşya çox olduğundan bunların taleyi çox vaxt qanunla tənzimlənməlidir. Məsələn, vaxtilə sovet dövlətinin lideri Leonid Brejnevə müxtəlif bölgələrdən hədiyyələr gəlirdi. Brejnevin əksi olan xalçalar, onun heykəlləri, portretləri bir müddət sonra harasa toplamaq lazım gəlirdi. Bu, əşyaların sayı-hesabı da bilinmirdi.
Xarici qonaqlar da heç geri qalmırdılar. 1975-ci ildə SSRİ-yə qonaq gələn Belçika kraliçası baş katibə olduqca nəfis bir qobelen hədiyyə etmişdi. Brejnevə hədiyyə edilmiş qızıl və brilyant əşyalar hazırda Almaz Fondda qorunub saxlanılır, bəzi əşyalar hətta sərgidə nümayiş edilir.
Yəni bəxşiş vermək təkcə azərbaycanlılara məxsus olan bir xüsusiyyət deyil. Bu, ənənə dünyanın hər yerində var, amma burada niyyət anlayışı xüsusi rol oynayır. Yaxın qohuma, dosta nəsə bir hədiyyənin verilməsi çox normal haldır, amma yanında katibə kimi çalışan gənc bir xanıma müdirin qızıl əşya bağışlaması çox anormaldır. Vəzifəli şəxsin belə hərəkətinin arxasında nə kimi niyyətinin dayanması gün kimi aydındır.
Valideyn var, düşünür əgər pay verməsə...
Bəxşişlərin ən çox verildiyi bir yer təhsil sektorundadır. 5 oktyabr, 8 mart gününü səbirsizliklə gözləyən nə qədər müəllim var. Ad günündə də pay almaq istəyən müəllimin sayı çoxdur. Burada müəllim valideyndən hədiyyə almaq, valideyn isə müəllimdə övladına qarşı yarana biləcək neqativ münasibəti neytrallaşdırmaq  məqsədini güdür. Valideyn var, düşünür əgər pay verməsə, övladı ortalıqda qalacaq, təzyiqlə üzləşəcək, müəllim qiyməti aşağı salacaq.
Belə tip bəxşişlər, formalaşan münasibətlər cəmiyyətdə bir növ qıcıq doğurur. Bəxşiş verməyə adət etmiş insanlar bunu həm də bu müstəviyə ötürürlər. Uşağın oxuyub oxumaması məna kəsb etmir, “bəri başdan müəllimin payını verim, özümü sığortalayım” fikri hökm sürür.
Müəllimə nəyisə hədiyyə etmək olarmı? Olar, amma verilən bəxşiş həm bahalı, həm də gərəksiz olmamalıdır. Müəllimə işində lazım ola biləcək kitab, hansısa ləvazimat, yaddaş kartı, qələm və bloknot həm rüşvət kimi qəbul edilmir, həm də fayda gətirə bilər. Yaxşı olar, müəllimə hədiyyə tədris münasibətləri bitdikdən sonra edilsin. Yəni müəllim-tələbə münasibəti yoxdur, qiymət yazdırmaq lazım deyil. Verilən hədiyyə də sadəcə müəllimə olan münasibətin göstəricisidir.
Jurnalist imtina edəndə...
Çox qəribə bir dönəmdə yaşayırıq. Azərbaycanlıların bir-birinə isti münasibətinin göstəricisi olan bəxşiş vermək, pay ayırmaq kimi bir ənənəsi hərdən reallıqda tam bir başqa forma da ala bilər. Hətta hansısa bir ictimai fiqurdan müsahibə almağa gələn jurnalist üçün bəzən pul zərfi hazırlanır, yanına nəsə bir-iki başqa şey əlavə edilir. Bir növ qaydadır elə bil. Jurnalist imtina edəndə, belə hərəkət təəccüb də doğurur. Amma bu, artıq bəxşiş yox, vəzifə başında olan birisinin loyallığını təmin etmək vasitəsidir.
Azərbaycan qanunvericiliyində bu hallarla mübarizə üçün Milli Məclisin deputatlarının davranış qaydalarına da dəyişiklik edilib. Məbləği 55 manatdan yuxarı olan hər bir hədiyyə Milli Məclisə təhvil verilməlidir. Bununla bağlı yazıçı, deputat Aqil Abbas maraqlı bir replika da səsləndirib. Deputat deyir ki, heç vaxt heç kəsdən hədiyyə almayıb, amma bir dəfə Füzulidə olarkən ona qiyməti 150 manat olan qoyun veriblər. Aqil Abbas da parlamentin plenar iclasında belə bir sualla çıxış edib: “Nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?”
Sözsüz, pay verib pay almaq, kiməsə bəxşiş vermək ifrat formalar almamalı, hansısa niyyətə xidmət etməməlidir. Hədiyyə yalnız münasibət göstərici olmalıdır. Ən vacibi də hədiyyənin nə mahiyyət daşıdığıdır, mənasız bəxşişin, lazımsız əşyanın verilməsindənsə, verilməməsi daha məsləhətdir.