İDMAN

Kubalı boksçu: Tokioda Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam

Alfonso Dominqes bildirib ki, əsas hədəfi növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır.
Sputnik
BAKI, 7 avqust - Sputnik. Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan yığmasının boksçusu Alfonso Dominges Bakıya qayıdıb.
Boks Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, idmançını Heydər Əliyev Beynəlxalq Hava Limanında Federasiyanın əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qarşılayıb.
81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn Dominges buna sevindiyini bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarından sonra Yay Olimpiya Oyunlarında da medal qazanması xoş hissdir:
“Medal qazandığım üçün çox sevincliyəm. Tokioda məqsədim çempion olmaq idi. Yarışa da yaxşı başlamışdım. Olimpiadada debütdə dünya çempionatının ikincisi olan özbəkistanlı Dilşotbek Ruzmetovla qarşılaşdım. Kifayət qədər çətin alınan döyüşdə qələbə qazandım. Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim. Yarımfinalda kubalı Arlen Lopezlə üz-üzə gəldim. Olimpiya və dünya çempionu ilə görüş də mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim. Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Benjamin Uittakerə qalib gələrək növbəti dəfə Olimpiadanın qızıl medalçısı adına yiyələndi. Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracağam”.
Millinin baş məşqçisi Umberto Orta Dominges və digər boksçuların çıxışından danışıb. Domingesin üçüncü olmasını onun əzmkarlığı ilə əlaqələndirən mütəxəssis digərlərinin medalsız qalmasının səbəblərinin analiz ediləcəyini, səhvlərdən nəticə çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, kişi boksçulardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına 5 idmançı ilə yollanıb və yarışı 1 bürünc medalla bitirib.
01.08.2021- 14:53
Tokio-2020: Boksçu Alfonso Dominges həmyerlisini döyə bilmədi
Bu gün Azərbaycanın daha 3 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Çəkicatma növündə yarışan Anna Skidan təsnifat mərhələsini 31 idmançı arasında 16-cı sırada bitirib və finala vəsiqə qazana bilməyib.
Güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib. O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.
Boksçu Alfonso Dominges (81 kq) yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopesə uduzaraq bürünc medalla fikayətlənib.
Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 26-ya çatıb. Onlardan ikisi medala layiq görülüb.
08:13
Tokio-2020: Azərbaycanın idmançısı qızıl medal almaq istəyirsə, həmyerlisini döyməlidir
Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Bu gün 25 dəst medalın sahibləri məlum olacaq.
Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq.
Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələnlər sırasına düşməyə çalışacaq.
Güllə atıcısı Ruslan Lunyov da təsnifat mərhələsində mübarizə aparacaq. O, Yaponiyadakı ikinci startında finalçılar sırasında olmaq üçün atəş açacaq.
Onlardan fərqli olaraq, artıq medalı təmin edən boksçumuz Alfonso Dominqes yarımfinal döyüşündə gücünü sınayacaq. O, Olimpiadalar tarixində finala çıxan ikinci boksçumuz (Rio-2016-da başqa bir kubalı Lorenso Sotomayor Azərbaycana gümüş medal qazandırıb) olmaq üçün kubalı Arlen Lopesə qalib gəlməlidir. Boksçumuz qalib gəlsə ən azı ilk gümüşü təmin edəcək. O, uduzsa isə yığmamızın Tokioda ikinci bürüncü rəsmiləşəcək.

Tokio-2020-də ilk medalımız

Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.
Həmçinin oxuyun:
Azərbaycan Tokioda ikinci medalını qazandı
İrina Kindzerska: "Medal qazandığımı başa düşəndə daxilimdə hər şey dəyişdi"