CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt əhlini kim və nə ilə zəhərləyir

Ötən gecə Sumqayıtdakı poliqon ərazisində aparılan monitorinq nəticəsində müəyyən edilib ki, orada yanğın baş verməsə belə, yenə də dəm qazının, hidrogen-sulfidin miqdarı normadan dəfələrlə artıqdır.
Sputnik
BAKI, 6 avqust - Sputnik. Sumqayıt əhalisini günlərlə tüstüdə və üfunət qoxusunda boğan iki müəssisə cərimə edilib. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə daxil olan şikayətlər əsasında təkcə bu həftə ərzində sənaye şəhərinin müxtəlif ərazilərində yerləşən müəssisələrdə üç dəfə monitorinq keçirildiyini, müasir cihazlarla havanın tərkibinin yoxlanıldığını bildirib. 
Onun sözlərinə görə, əvvəlki günlər keçirilən monitorinqlər zamanı göstəricilər norma daxilində olsa da, 5 avqust 2021-ci il tarixində gecə saatlarında mütəxəssislər tərəfindən keçirilən monitorinqlər zamanı Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodundan atmosferə normadan artıq hidrogen-sulfidin atıldığı müəyyən edilib.
“Faktla bağlı hər iki müəssisə barəsində akt və protokol tərtib olunub və onların hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnmələri üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Digər bir neçə müəssisədə də günün müxtəlif saatlarında, eyni zamanda, gecə saatlarında monitorinqlər keçirildi və nəticələr  norma daxilində müəyyən olundu”.
Xidmət rəsmisi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonun istismarı prosesindəki pozuntulara da toxunub.
“Sumqayıtda havanın çirklənməsinin əsas mənbəyi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonudur. Buna görə poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC tərəfimizdən dəfələrlə cərimə olunub, onlara məcburi göstərişlər verilib. 2020-ci ildə 6800 manat, 2021-ci ilin 7 ayı ərzində isə 4800 manat məbləğində cərimə tətbiq edilib. Lakin edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır. Ötən gecə poliqon ərazisində yenidən monitorinq aparıldı və müəyyən olundu ki, orada yanğın baş verməsə belə, yenə də dəm qazının, hidrogen-sulfidin miqdarı normadan dəfələrlə artıq olması, tullantı kütləsinin tüstülənməsi  şəhər ərazisində xoşagəlməz iy-qoxunun yayılmasına səbəb olur”.
Xidmət rəsmisi qeyd edib ki, istehsalat müəssisələrində, böyük fabriklərin fəaliyyətində, xüsusən kimyəvi maddələrin istifadəsi zamanı gedən proseslərdə ətraf mühitə mənfi təsirlər olur. Bu cür müəssisələr fəaliyyətə başlamamışdan öncə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy alır, ətraf mühitə təsiri qiymətləndirilir, ətraf mühitə yol verilə biləcək hədd müəyyənləşdirilir. Lakin həmin müəssisələr yol verilən həddən artıq ətraf mühitə təsir etdikdə tərəfimizdən onlar barəsində müvafiq cərimələr və digər sanksiyalar tətbiq edilir. 
H.Əlizadə istehsalat müəssisələrinə xəbərdarlıq edərək bildirib ki, öz fəaliyyətlərini ekspertiza rəylərinə uyğun qursunlar. Əks halda, bu müəssisələr barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, Hikmət Əlizadə Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, bəzən insanlar tüstü ilə buxarı qarışdırırlar. Onun sözlərinə görə, tüstü tullantıların yandırılmasından yaranır və müxtəlif dəm qazları ilə birlikdə atmosferi çirkləndirir. Bu zaman kəskin iy-qoxu da yaranır: "İstənilən müəssisədə müxtəlif texnologiyalardan istifadə olunsa da buxar əmələ gəlir. Əgər müəssisələrdə sobalar işləyirsə, bayıra buxar da çıxmalıdır. Ona görə də zavodlardan ağ rəngli buxarın çıxması tam normaldır".
O, iki gün öncə iddialarla bağlı "Sumqayıt Kimya Sənaye Parkı"nın ətrafında monitorinq aparıldığını, yoxlamalarda buxarla rastlaşdıqlarını bildirmişdi: "Oradan çıxan buxarda və onun ətrafında havada dəm qazı aşkar edilmədi. Normativlərin göstəricilərə uyğunluğu aşkarlandı. Həmin gün xidmətin əməkdaşları həmçinin Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda da monitorinq keçirdilər. Qeyd edim ki, monitorinq müasir cihazlarla aparıldığından orada insan müdaxiləsi mümkün deyil. Poliqonda dəm qazının normadan 2,5 dəfə çox olduğu üzə çıxdı. Elə həmin ərazidə iy-qoxunun yaranmasına da səbəb bu amil idi. Beləcə, Sumqayıtda iy-qoxunun həmin poliqondan olması öz təsdiqini tapdı".
Bununla belə H.Əlizadə qeyd etmişdi ki, hansısa zavodda qəza baş vermə təhlükəsi yarandığı üçün müəyyən intervalda atmosferə qəza buraxılışı edə bilər. Bu da iy-qoxunun yaranmasına gətirib çıxarır.
Eləcə də oxuyun:
Qoxunu cərimə pulu ilə silə bilmədilər: Sumqayıtda problem davam edir
Sənaye şəhərinin tullantı problemi - Millət vəkili çıxış yolunu göstərdi
Yandırmaq çarə deyil: Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb