BAKI, 6 avqust — Sputnik. Toylarda karantin qaydalarının gözlənilib-gözlənilməməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən reydlər davam edir. Sputnik Azərbaycan DİN-in məlumatına istinadən xəbər verir ki, ötən sutka ərzində də respublikanın bir neçə yerində toylarda karantin qaydaları pozulub.
Evdə oturmağa da qoymadılar
Bərdə şəhəri ərazisində, eləcə də rayonun Mollagüllər, Qaraqoyunlu və İmamqulubəyli kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.
Yüzdən çox idilər
Şəkinin Orta Zəyzid kəndində Mahmud Məmmədova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi, həmçinin xidməti personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.
Keçirilən yoxlamalar zamanı rayonun Kiçik Dəhnə kəndində yerləşən "Dəhnə" şadlıq sarayında da karantin rejimi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, toy məclisində 170 nəfər qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı şadlıq sarayının inzibatçısı və toy sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Toy qadağasının götürülməsi
Xatırladaq ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.
Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).
Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar
- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.
- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.
- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.
Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.
- İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
Eləcə də oxuyun:
Toya buraxılmayanların sayı açıqlandı
Bəylə gəlinin zorən peyvəndlənməsi: Övlad sahibi olacaq gənclərin sağlamlığına zərbə
Azərbaycanda toy bumu: Portala minlərlə müraciət daxil olub
Toy adamları ev adamlarını xərcə saldılar