BAKI, 6 avqust — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pepino mozaik virusunun (PepMV) yayılma yollarını açıqlayıb. Sputnik Azərbaycan AQTA-nın məlumatını təqdim edir:
"Pepino mozaik virusu ilk dəfə 1980-ci ildə Peruda pepino bitkisində qeydə alınıb. 1999-cu ildə Hollandiyada və İngiltərədə pomidor istixanasında rast gəlinən virus 1999-2010-cu illər arasında Avropa, Şimali və Cənubi Amerikanın pomidor becərilən bölgələrində yayılaraq, pomidor istehsalında kifayət qədər məhsul itkisinə səbəb olub. Virusun Mərakeş, Cənubi Afrika, Misir, Çin, İsrail, Suriya, Türkiyə, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Norveç, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Litva, Hollandiya, Polşa, Serbiya, İspaniya, İsveçrə, İsveç, Slovakya, Ukrayna, Kanada, Meksika, ABŞ, Ekvador, Peru, Çili və Böyük Britaniyada yayıldığı məlumdur. Virus Misir, Braziliya və Gürcüstanda A1 siyahısına salınıb. 2012-ci ildən EPPO-da, 2016-cı ildən isə Türkiyədə A2 siyahısına daxil edilib.
Pepino mozaik virusu 508 nm uzunluğunda olub çöpşəkilli quruluşdadır. Genomu təxminən 6,4 kb uzunluğunda ssRNT molekulundan ibarətdir. İndiyə qədər virusun 5 ana genotipi müəyyən edilib. Yoluxmuş bitkilərin yarpaqları, kökləri və meyvələri yüksək konsentrasiyada virus daşıya bilər. PepMV olduqca stabil bir virusdur və fərqli şəraitdə uzun müddət yoluxma qabiliyyətini qoruyub saxlaya bilir. Otaq temperaturunda nisbətən stabil qalır, sirayətlənmiş səthlərdə və bitki qalıqlarında həftələrlə virulentliyini saxlayır. Quru bitki materialında 3 ay qala bilir. Köklərdən çıxan virus hissəciklərinin torpağa və ya drenaj suyuna qarışması ehtimalı yüksəkdir. Virus geyimdə ən azı 14 gün yoluxuculuq qabiliyyətini saxlayır.
Pepino mozaik virusu badımcançiçəklilər fəsiləsinə aid olan bitkiləri sirayətləndirir. Daha çox pomidorda rast gəlinməsi və simptomların kəskin nəzərə çarpması ilə əlaqədar hazırda virusun əsas sahib bitkisi pomidor hesab edilir. Lakin badımcan və adi reyhan bitkilərində də virusun əlamətləri müşahidə edilir. Bununla yanaşı, son illərdə, xüsusən, Avropada virusun yayılma arealı genişləndikcə sahib bitkilərin də sayı artır. Bibər, sarımsaq və lobya bitkiləri mexaniki sirayətlənsə də onlar virusun əsas sirayətlənən bitkisi hesab edilmir. Badımcançiçəklilər, Pəncərçiçəklilər, Göyzəbankimilər, Tərəçiçəklilər, Sarmaşıqkimilər, Mürəkkəbçiçəklilər, Əməköməcikimilər, Bağayarpağıkimilər və Taxıllar fəsiləsinə mənsub olan bir sıra alaq otları da pepino mozaik virusunun sahib bitkiləri siyahısındadır.
Təbii şəraitdə bitki şirəsində 1 həftə, şirə 20°C-də saxlanıldıqda 3 ay, infeksiyalı bitkinin kök hissəciklərində 4 həftə, nəm şəkildə 10°C-də saxlanıldıqda 3 ay, silikogeldə qurudulmuş yarpaqlarda 6 ay, yarpaqlar 20°C-də saxlanıldıqda 2 il, şüşə səthdə 15°C-də 3 həftə və 25°C-də isə 4 gün yoluxma qabiliyyətini itirmir. Lakin virus 70°C-də inaktiv hala gəlir və yoluxma qabiliyyətini itirir.
Virusun ölkələr arasında yayılmasında toxum ticarəti mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, pepino mozaik virusu sirayətlənmiş toxumlarla yayılır. Lakin şitil və meyvələrlə də yayılması istisna edilmir. Həmçinin idxal prosesi zamanı sirayətlənmiş qablaşdırma materialları və təmas yolu ilə də yayıla bilir.
Sirayətlənmiş bitkidən sağlam bitkiyə mexaniki və təmas yolu ilə yayıldığından şitil təsərrüfatında əhəmiyyətli itkilərə səbəb olur. Simptomlar hər zaman aydın nəzərə çarpmadığından, virusun tez və gizli şəkildə yayılma təhlükəsi var. Virusun bitkilərin meyvələrində yaratdığı simptomlar səbəbindən məhsul istehlak dəyərini itirir. Ona görə də bu cür məhsullar məhv edilərək həmin təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı zəruri tədbirlər həyata keçirilməli, dezinfeksiya işləri aparılmalı və mütəxəssisin nəzarəti altında mərhələli olaraq sağlamlaşdırma tədbirləri davam etdirilməlidir".
AQTA-nın bitki mənşəli virusların yayılması təhlükəsi ilə bağlı xəbərdarlığı
Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb.
Agentlikdən verilən məlumata görə, adı çəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib.
Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Bu səbəbdən bir sıra ölkələrdə pepino mozaik virusunun və pomidor məhsulunun qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal zamanı məhdudiyyətlər tətbiq edilir. Rusiya Federasiyası virusun Avrasiya İqtisadi Birliyi ölkələrində yayılmasının qarşısını almaq üçün 2020-ci ildə Belarusiyadan idxal olunan pomidor və bibər məhsulunda, Mərakeşdən və Ermənistandan idxal olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanması ilə əlaqədar, o cümlədən pomidor məhsulunun qonur qırışıqlıq virusunun aşkarlanması səbəbindən Özbəkistan, Qazaxıstan və Türkiyədən idxal olunan pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Eyni zamanda Rosselxoznadzor tərəfindən Agentlik əməkdaşlarının iştirakı ilə real vaxt rejimində keçirilən videomonitorinqlər zamanı "Can agro" MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı "Geotermal aqro" MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, "Local Garden" MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusunun aşkarlanması ilə bağlı müvafiq məktub və bildiriş göndərilib. Həmin müəssisələrdə Agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib. Ölkəmizdə fəaliyyət göstərən "Gözəl təbiət" MMC tərəfindən Rusiya Federasiyasına tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək, həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq laboratoriyalarında analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya Federasiyası tərəfindən "Gözəl təbiət" MMC-nin pomidor ixracına 30 iyun 2021-ci il tarixində icazə verilib.
Virusun yayılmasının qarşısının alınması məqsədilə idxal olunan toxumlara Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq qurumuna bildiriş göndərilib.
Qetd edək ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumalar nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reystrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.
Belə ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə olunması, həmçinin toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
AQTA ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması, gələcəkdə bitkiçilik məhsullarının ixracı zamanı problemlərin yaşanmaması və ölkə ərazisində fitosanitar nəzarətin daha səmərəli təşkilini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini, həmçinin müvafiq icra orqanlarını məsələyə daha məsuliyyətlə yanaşmağa və üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırır.
Eləcə də oxuyun:
Azərbaycanda virus müəmması: Rusiyadan gələn bildirişə görə xəbərdarlıq edildi
"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə
Elxan Mikayılov: “AQTA toxumların virusa görə müayinəsini həyata keçirir”