BAKI, 4 avqust — Sputnik. “Həyatda çox az adamın bacara bildiyi iki çətin iş var. Həmcinsləri arasında bir nəfər də düşmən qazanmadan yaşamaq və daxili azadlığı sayəsində bu yer üzünün ən böyük gücü olan pula boyun əyməmək.”
Stefan Sveyq, “Hamının dostu Anton”
Pulun, var-dövlətin, asan yolla qazanılan sərvətin insanı dəyişməsi haqqında saysız-hesabsız əhvalatlar eşitmişik. Nağıllarımızda, dastanlarımızda, hətta yazılı ədəbiyyatımızda bu barədə çoxlu nümunələr var. Təsadüf nəticəsində bəxti üzünə gülən şanslı insanların sonradan “müvazinətini”, “tarazlığını” itirməsi ilə bağlı, yəqin, hamınız eşitmisiniz. “Pul insanı necə dəyişir?” – sualının konkret cavabı yoxdur. Ancaq bu barədə söhbət düşəndə hər kəsin danışa biləcəyi bir əhvalat, bir pritça mütləq var. Dünya ədəbiyytında da bu mövzu geninə-boluna işlənilib. Məsələn, Hüqonun “Səfillər”ində keçmiş katorqa dustağı Jan Valjan qəfil varlanmağı, saxta Madlen soyadıyla Monreyl şəhərinin meri vəzifəsinə qədər yüksəlməyi bacarır. Sonrakı proseslər, əsərin gedişatında Jan Valjanın keçirdiyi katarsis barədə danışmayacam. (Zəhmət çəkib, “Səfillər” romanını oxumağınız məsləhətdir.) Böyük ustad yaratdığı bu obrazla öz arzularını, istəklərini çatdırıb. Madlenə çevrilən Jan Valjan, ədaləti, səxavəti, dürüstlüyü və vicdanı ilə pulun yaxşıya doğru dəyişdiyi insandır. Monreyl Hüqonun utopiyası olduğu kimi, Madlen də hamımızın görmək istədiyi səxavətli, zəngin, ədalətli idarəçi obrazıdır. Şübhəsiz ki, bu obraza bənzər insanlar nadir olsa da, həyatda da qarşımıza çıxır. Təəssüf ki, daha çox əksini görürük. Müxtəlif yollarla sərvət toplamağı bacaran adamlar, bu sərvətin sərməstliyi içində yolunu azır, qudurur, harınlayır və eybəcərləşir.
***
Bu məqamda “Xəzər adaları” layihəsi ilə yaddaşlarda qalan Hacı İbrahim Nehrəmlini xatırladım. İndi haradadır, nə edir, – bilmirəm. İnanıram ki, layihəsi fiaskoya uğrasa da kefi kökdür. İllər öncə şirəyə yığılan milçək kimi ətrafında dolaşan jurnalistlər sayəsində reklam etdiyi dəbdəbəli həyatı, pulun insanı necə dəyişdiyini göstərən əyani nümunə idi. Illər öncə Hacının harınlığı haqqında səs-küylü bir yazı yazmışdım. Bu gün də o yazını xatırlayan diqqətli oxucularım var. Əlqərəz, bizim dəbdəbə düşkünü hacı çox qəribə məxluq idi…
***
Hə, bir də ötən əsrin əvvəllərində Bakıda xanəndədən milyonçuya çevrilən Seyid Mirbabayevin əhvalatı yadıma düşür. Toyların birində neftxudalar xanəndəni xələt yağışına tutur. Bəyin dayısı bəyin əmisinin bəhsinə yenicə qazdırdığı neft quyusunu Seyidə xələt verir. Toy bitməmiş neft quyusu fontan vurur. Xanəndə qısa müddətdə zənginləşir, milyonçuya çevrilir. Pul Seyidi də dəyişir. Xanəndəlik dönəmində Riqada "Qrammofon" şirkətinin təşəbbüsü ilə vala yazılan məşhur ifasını - "Segah" valını əsilzadələrdən baha qiymətə alıb, məhv etməyə başlayır. Sovetlər gəlir, Mirbabayev Avropaya qaçır, müflisləşir və uzun əzab-əziyyətdən sonra İrana sığınır, çayxanalarda çalıb-oxumağa başlayır. Bu da sərvətin insanı dəyişməsinə aid başqa bir nümunə…
***
İnsanların niyə və necə dəyişməsi “ağır söhbətdir”. Bu barədə saatlarla, günlərlə polemika aparmaq, müxtəlif nümunələr göstərmək olar. Qazanmaq-itirmək, varlanmaq-müflisləşmək bu həyatın reallığıdır. Hər kəsin çiyninə dövlət quşu qona bilər. O quşu sabiq deputat Eldəniz Səlimov kimi ürküdüb uçurmaq da olar, yemləyib qorumaq da… Var-dövlətin parıltısı çox nadir adamların gözünü qamaşdırmır, çox az adam qazandığı uğurun sərxoşluğundan sərməst olmur. Ancaq bildiyim və əmin olduğum bir məsələ var ki, “pul əl çirkidir” fəlsəfəsinə səmimi qəlbdən inanıb yaşayanlar üçün bu həyat bir o qədər də çətin olmur.
***
Bu yazıdan etibarən, hər yazımda oxuculara bir kitab tövsiyə etmək istəyirəm. Çalışacağam ki, dilimizə tərcümə edilmiş kitablara üstünlük verim. Oxuyub-oxumamaq isə sizin qərarınızdır. Mənə görə isə, səxavətli, ədalətli, ləyaqətli olmaq üçün (əslində, bütün müsbət insani keyfiyyətlərə malik olmaq üçün) oxumaq vacibdir.
Oxunmalı kitab: Daniel Kaneman “Cəld və yavaş düşünmək”
Nəşriyyat: TEAS Press
Janrı: Psixologiya, özünüinkişaf
Dili: Azərbaycan dili
Səhifə: 620
İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş müəllif intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davranacağımızı izah edir. Bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir. “Cəld və yavaş düşünmək” düşünməklə bağlı təsəvvürlərinizi kökündən və birdəfəlik dəyişəcək bir kitabdır.
Eləcə də oxuyun:
Hazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”
Hər şeyə rəğmən kitab və ədəbiyyat