BAKI, 5 avqust - Sputnik. Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olub. Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edib.
Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.
AEL heyətində meydana Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres və Euller çıxıblar.
Oyunun 69-cu dəqiqəsində AEL "Qarabağ"ın qapısına təyin olunan penalti nəticəsində hesabı açıb. Meydan sahiblərinin hücumçusu Stefan Şçepoviç penaltidən fərqlənməklə komandasını önə çıxarıb.
Oyunun 93-cü dəqiqəsində Abdullah Zubir bərabərlik qolunu vurub.
Bu qoldan sonra meydanda gərginlik yaranıb. AEL azarkeşləri "Qarabağ"ın texniki heyətinin ünvanına söyüş və təhqirlər yağdırıblar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və texniki zonada olanlar buna qəti etirazlarını bildiriblər. Nəticədə hakim oyunu saxlayıb və oyunçular meydançanı tərk ediblər.
Kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim tərəfindən dayandırılan matç bir neçə dəqiqə sonra davam edib. Hər iki komanda stadiona dönüb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Qeyd edək ki, “Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.
Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.