BAKI, 4 avqust — Sputnik. Azərbaycan mənşəli Ukrayna güləşçisi Pərviz Nəsibov (67 kq) Tokio Olimpiya oyunlarının vise-çempionu olub. Sputnik Azərbaycan xəbər verir ki, çərşənbə günü, avqustun 4-də yunan-Roma güləşi üzrə Olimpiya turnirində bir neçə çəki dərəcəsində final qarşılaşmaları keçirilib.
Ukraynanı təmsil edən azərbaycanlı Pərviz Nəsibov final qarşılaşmasında İran idmançısı Muhamməd Geraeyiyə məğlub olub. Beləliklə, 9:1 hesabı ilə inamlı qələbə qazanan İran idmançısı qızıl medala, Nəsibov isə gümüş medala sahib olub.
Qeyd edək ki, Nəsibov ailəsi ilə birlikdə 15 il əvvəl Azərbaycandan Ukraynaya köçüb. Bir gün əvvəl jurnalistlərə verdiyi açıqlamada idmançı Azərbaycanın onun üçün doğma ölkə olduğunu, bura tez-tez gəldiyini, qohumları, babaları və nənələrini gördüyünü bildirib.
Olimpiya təsnifat mərhələsində may ayında Sofiyada keçirilmiş turnirdə Pərviz Nəsibov Azərbaycan idmançısı, 2016-cı il Olimpiya mükafatçısı Rəsul Çunayevi Tokioya vəsiqə uğrunda mübarizədən kənarlaşdırıb.
Bir neçə gün əvvəl isə Azərbaycan mənşəli, Böyük Brtaniyanı təmsil edən Cesika və Cenifer Qədirova əkiz bacıları idman gimnastikası üzrə Tokio Olimpiadasının komanda hesabında bürünc medallarına sahib olublar.
Öz növbəsində Türkiyəni təmsil edən yüngül atlet Ramil Quliyev 200 m məsafəyə yarışmada finala çıxa bilməyib. İlk təsnifat qaçışında o bu məsafəni 20,54 saniyəyə qaçaraq yarımfinala çıxıb. Yarımfinalda Quliyev 200 m məsafəni 20,31 saniyəyə qət edərək yarımqrupda altıncı nəticə göstərib.
Tokio Olimpiadasında 31 Azərbaycan idmançısı mübarizəni dayandırıb. Onlardan üçü – cüdoçu İrina Kindzerska (78 kq-dan artıq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medallara sahib olublar.
Olimpiadanın qalan günlərində daha səkkiz idmançımız, habelə bədii gimnastika üzrə komandamız çıxış edəcəklər. Tokio Olimpiya oyunları bazar günü, avqustun 8-də yekunlaşacaq.
Eləcə də oxuyun:
Eləcə də oxuyun:
Tokioda medal uğrunda döyüş: Azərbaycanlı güləşçi ermənini belə məğlub etdi
Rafiq Hüseynov Ermənistan idmançısını məğlub edib Olimpiadanın bürünc medallarını qazandı