Bakının “Neftçi” komandası öz evində qəbul etdiyi Finlandiya çempionu HİK-lə bacarmadı.Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 3-də Bakının “Bakcell Arena” stadionunda keçirilən oyunu qollu heç-heçə ilə bitdi.
Sputnik Azərbaycan bildirir ki, oyundakı bütün dörd qol matçın ikinci hissəsində vuruldu. Sabir Buqren bakılıları 59-cu dəqiqədə irəli çıxarsa da, iki dəqiqə sonra Riku Riske hesabı 1:1-ə çatdırdı. 65-ci dəqiqədə isə qonaqların oyunçusu Jair komandasının ikinci qolunu vurdu. “Neftçi”nin kapitanı Emin Mahmudovun 80-ci dəqiqədə vurduğu qol isə oyunun son nəticəsini bəlli etdi – 2:2.
Qızmar havaya baxmayaraq, futbolçular meydançada dayanmaq bilmirdilər. Oyunun 18-ci dəqiqəsində isə “Neftçi” məcburən qapıçısını dəyişməli oldu. Zədə alan Aqil Məmmədovu Kamran İbrahimov əvəzlədi. Sonuncu 32-ci dəqiqədə Linqmanın cərimə meydançasından zərbəsini əla hərəkətlə dəf etdi.
“Neftçi” ilə HİK bir də avqustun 12-də, Finlandiyada görüşəcəklər. Bakıdakı oyunun ən maraqlı məqamlarını isə Sputnik Azərbaycan-ın fotoqrafının gözü ilə izləməyi təklif edirik.