BAKI, 2 avqust — Sputnik. Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bu barədə Sputnik Azərbaycan-a məlumat verilib. "Azərbaycan Hava Yolları" rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur. AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır. "Azərbaycan Hava Yolları" bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, AZAL-dan yaxın günlərdə daxil olan məlumatda qeyd edilib ki, uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür. Bu siqnalları ilk dəfə Azərbaycan milli aviadaşıyıcısının (AZAL) təyyarələri qəbul edib. Xəbərdə bildirilir ki, indi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli beynəlxalq hava limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər. Bu radioçağırış siqnalları qeydiyyata alınaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən təsdiq edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hava gəmilərinin uçuşlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq aeronaviqasiya təminatı məqsədilə Füzulidəki beynəlxalq hava limanında radiotexniki avadanlığın fəal tətbiqi həyata keçirilir. Radiolokasiya kompleksinin, alətlər üzrə enmə sisteminin quraşdırılması davam etdirilir, həmçinin aviasiya-meteoroloji təminat sistemlərinin yerləşdirilməsi başa çatdırılıb.
Qeyd etməliyik ki, Azərbaycan ICAO-nun üzvüdür və Beynəlxalq mülki aviasiya haqqında Konvensiyaya uyğun olaraq (həmçinin "Çikaqo Konvensiyası" kimi tanınır) beynəlxalq aeronaviqasiya sahəsində dövlət öhdəliklərinin yerinə yetirilməsini təmin edir. Mülki aviasiya üçün əsas olan Konvensiya dövlətin öz ərazisinin hava məkanı üzərində suverenliyini, habelə bu sənədin tələblərinə uyğun olaraq hər bir ölkə qarşısında hava məkanında beynəlxalq aeronaviqasiyanı təmin etmək öhdəliklərini müəyyən edir. Azərbaycanın hava məkanında aeronaviqasiya xidmətini təmin etmək üçün Azərbaycanın uçuş məlumatları sahəsinin (UMS) sərhədləri ICAO Şurası tərəfindən müəyyən edilərək təsdiq olunub və ölkəmizin suveren sərhədlərinə tam uyğundur. Xatırladaq ki, İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan edib.
Eləcə də oxuyun:
AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar
AZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaq
Füzuli Hava Limanının tikintisi ilə bağlı görülən işlər açıqlanıb