BAKI, 2 avqust – Sputnik. Qadınlar arasında güləş üzrə Azərbaycan yığmasının üzvü Elis Manolova (68 kq) Tokio Olimpiadasının bürünc medalı uğrunda mübarizə aparacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, 1/8 finalda Manolovaya qalib gələn nigeriyalı Blessinq Oborududu turnirin finalına çıxıb. Bu isə çərşənbə axşamı, avqustun 3-də Azərbaycan təmsilçisinə təsəlliverici görüşə çıxmağa imkan yaradacaq. Onun ilk rəqibi Qırğızıstan təmsilçisi Merim Jumanazarova olacaq.
---------
14:27
Yunan-Roma güləşində Azərbaycanı təmsil edən Rafiq Hüseynov (77 kq) Tokio Olimpiadasında bürünc medal uğrunda yarışa biləcək.
Sputniok Azərbaycan-ın məlumatına görə, dörddəbir finalda Qırğızıstan təmsilçisi Akjol Mahmudova uduzduqdan sonra Hüseynovun ümidi bircə Mahmudovun finala çıxması idi. Bu, idmançımıza üçüncü yer uğrunda mübarizə aparmaq imkanı verəcəkdi. Qırğızıstan təmsilçisi ümidləri doğruldub və finala çıxıb.
Nəticədə Hüseynov çərşənbə axşamı, Bakı vaxtı ilə 6:30-da təsəlliverici görüşə çıxacaq. Burada onun ilk rəqibi Tunis təmsilçisi Lamjed Maafi olacaq.
Əgər Maafiyə qalib gələrsə, Hüseynov bürünc medal uğrunda Ermənistan güləşçisi Karapet Çalyanla qarşılaşacaq.
---------
09:44
Azərbaycan güləşçiləri Rafiq Hüseynov (77 kq) və Elis Manolova (68 kq) Tokio Olimpiadasının qızıl medallarını qazanmaq imkanını əldən veriblər.
Sputnik Azərbaycan bildirir ki, qadınlar arasında keçirilən yarışda Elis Manolova nigeriyalı Blessinq Oborududuya uduzub. Yunan-Roma güləşində təmsilçimiz Rafiq Hüseynov isə startda əlavə vaxtda isveçli Aleks Kestidisə qalib gəlib, ancaq dörddəbir finalda Qırğızıstan idmançısı Akjola Mahmudova 1:9 hesabı ilə məğlub olub. Ancaq əgər Mahmudov finala çıxarsa, o zaman Hüseynovun bürünc medal uğrunda yarışmaq şansı olacaq. Manolovanın da şansı eynidir.
26 atletimiz Oyunlarda iştirakını başa vurub
Tokiodakı Olimpiya Oyunlarında 26 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.
Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo və yüngül atlet Anna Skidan Olimpiadada uğur qazana bilməyiblər.
Azərbaycan Tokio-2020-də
Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.
Həmçinin oxuyun:
Tokio-2020: Boksçu Alfonso Dominges həmyerlisini döyə bilmədi
Tokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb