BAKI, 1 avqust - Sputnik. Polisi döyməkdə günahlandırılan Milli Məclisin deputatı Eldəniz Səlimov son günlər baş verənlərlə bağlı açıqlama yayıb.
"Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu bir neçə gündə susdum", - deyə o, bildirib.
Deputat qeyd edib ki, əlbəttə etdiyim hərəkətin yanlış olduğunun fərqindədir və bu da susmasının səbəblərindən biridir.
"Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək", - deyə Səlimov əlavə edib.
Polisi döyən deputatın məsələsi
İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.
Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib.
S.Qafarova deputatların tələbini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Milli Məclis deputatının toxunulmazlığı hansı halda ləğv edilir?
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.
Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.
Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz.
İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Həmçinin oxuyun:
* Yol göründü - Baş Prokuror Eldəniz Səlimovla bağlı parlamentə müraciət etdi
* "Statusuna yaraşmayan hərəkətdir": Eldəniz Səlimov deputat mandatından məhrum edilə bilər?