CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz illərlə "ölməyən" pirin abidəsi - "Diri Baba" türbəsi

Qobustandakı "Diri Baba" türbəsinin mənşəyi barədə bir neçə mülahizə mövcuddur. Onlardan bəziləri lap fantastik filmləri xatırladır.
Sputnik

BAKI, 31iyul — Sputnik. Bu dəfə 1402-ci ildə Qobustanın şimal-şərqində Şirvanşahlar dövlətinin 34-cü hökmdarı Şirvanşah Şeyx İbrahim tərəfindən inşa olunan “Diri Baba” türbəsindən bəhs etmək istəyirik. Türbənin içərisində olan qəbrin Məhəmməd Peyğəmbərin əmisi Əbu Ləhəbin nəvəsi Hatəm İbn Əmrə aid olmasına dair müxtəlif fikirlər var.

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri var desək, yəqin ki, yanılmarıq. Günbəzli salonun hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Türbədə həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilib. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır. Şirvan-Abşeron memarlıq üslubunda tikilən “Diri Baba” türbəsinin, dünyada heç yerdə oxşarı və bənzəri yoxdur. “Diri Baba” türbəsinin ön, sağ və sol divarları açıq havada olsa da, arxa tərəfi qayaların arasında yerləşir. Türbə qayanın içərisində yonulub tikildiyinə görə binanın ancaq cənub istiqamətinə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı, fərqli detallar da mövcuddur.

Türbənin bələdçisi Nəsib Babaşov Sputnik Azərbaycan-ın müxbiri Rəşad Kərəmoğluna bildirib ki, “Diri Baba” türbəsi 1402-ci ildə Qobustan rayonunun şimal-şərqində,1-ci Şirvan şahı Şeyx İbrahim tərəfindən tikilib. Abidə təqribən 7 metrdən, iki mərtəbədən ibarətdir. Qayanın içərisində yonulmuş türbənin birinci mərtəbəsi dəhlizdən və türbə xidmətçisi üçün ayrılmış otaqdan, ikinci mərtəbəsi isə salondan ibarətdir. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında səliqə ilə düzəldilmiş daş pilləkən mövcuddur. Qayanın içərisində tikildiyinə görə türbənin ancaq cənub tərəfə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı, fərqli detallar da mövcuddur. Türbənin ikinci mərtəbəsindəki salon memarlıq quruluşuna görə fərqlənir.

Günbəzin dayağı olan künclər daş üzərində oyma nəbati naxışlarla bəzədilib. Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Qədim tarixə malik maddi mədəniyyət incisi olan abidə haqqında yerli camaat arasında müxtəlif rəvayətlər var.

Din xadimi Hacı Cingiz Babaşov bildirir: "Bəzi yerli tədqiqatçıların tikilən türbənin içərisində Məhəmməd peyğəmbərin əmisi, Əbu Ləhəbin nəvəsi Hatəm İbn Əmrin qəbrinin olmasına dair fikirləri var. Bundan başqa, abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur, lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni, Şeyx Baba ölsə də, bir neçə gün "diri qalır". Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya “Diri Baba” türbəsi adı verilir.

XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səyahət edərkən “Diri Baba” haqqında belə yazıb: "Pir “Mərizat” Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir "Mərizat" adını daşısa da, əhali arasında "Pir Mərzə", "Pir Mirza" da adlanır. Amma səhihi "Pir Mərizat"dır, yəni, "Diri Baba" adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin "Mərizat" sözü fars danışıq dilində "bükülmüş" mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib, tər-təzə qalır".

Rəvayətlərə görə, Şirvanşah Şeyx İbrahimin azançısı Pir Məhəmməd öldükdən sonra bədəni 300 il çürüməyib. Bu səbəbdən abidəyə “Diri Baba” türbəsi adı verilib. Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən “Diri baba” türbəsi bir çox səyyahların diqqətini cəlb edib. XVII əsrin 30-cu illərində Qolşteyn səfirliyinin Səfəvi şahlığında elçisi Adam Oleari, holland səyyahı Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında qeydlər apararaq, türbənin şəkillərini də çəkiblər.

Qeyd edək ki, abidədə ötən əsrin 70-ci illərində bərpa işləri aparılıb, bununla yanaşı burada yeni bərpa işlərinə ehtiyac var. Xatırladaq ki, “Diri baba” ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Həmçinin oxuyun:

Qobustandakı "Diri Baba" türbəsi bərpa olunacaq

Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi - Fotolent

Qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu