Dünyada çox qəribə proseslər gedir. Elə bizim yaşadığımız regionda da vəziyyət stabil deyil. Dünyadakı və regiondakı vəziyyəti şərh etmək, qanınızı daha da qaraltmaq istəməzdim. Onsuz da beynəlxalq şərhçilər, politoloqlar, regionşünaslar lazımı şərhləri, açıqlamaları verir. Başa düşürəm ki, cəmiyyət olaraq dünyadan bixəbər yaşamaq, baş verən prosesləri müzakirə etmədən, dərk etmədən, düşünmədən yaşamaq çətindir. Ancaq arada insan özünə, öz ölkəsinə, öz balaca dünyasına vaxt ayırmalıdır. Çünki dünyanın dərdini çəkmək olduqca çətin, ağır və əzablıdır. Belə ağır, kədərli hadisələri izləməkdənsə, dünyanın gələcəyi ilə bağlı əndişələnməkdənsə, ekzistensial sancılar çəkməkdənsə oturub ölkə gündəmini izləmək daha əyləncəli, daha maraqlıdır.
***
Dünyadan yorulunda boş vaxtımdan istifadə edib, çağdaş ədəbiyyatımızın ən tanınan siması ilə, çağdaş siyasətimizin bir o qədər populyar olan gənc ulduzunun (adlarını özüm çəkmirəm, çünki hamınız tanıyırsınız) debatına baxdım. Və həmin boş vaxt ərzində anladım ki, dünyada gedən proseslərdən xəbərsiz, reallıqdan qopub, sosial şəbəkələrdə yaradılmış gündəmə uyğun yaşamaq olduqca asan və rahatmış. Təəssüf ki, bizim cəmiyyət sosial şəbəkələrə qarşı çox laqeyiddir. Hara baxırsan insanlar kitab oxuyur: avtobusda, metroda, parkda, bulvarda, çimərlikdə... Gənclər dünyada yeni yaranan sənət cərəyanlarını, müasir texnalogiyanı, elmi yenilikləri, siyasi prosesləri, iqtisadi sıçrayışları və çöküşləri izləyir, kütləvi şəkildə elmə-irfana yuvarlanır. İnsanların bu vəziyyəti məni olduqca narahat edir. Məncə müasir insan oxumaqdan, araşdırmaqdan, özünü inkişaf etdirməkdən macal tapıb, sosial şəbəkələrə də vaxt ayırmalıdır.
***
Bir də görürsən ki, hansısa ağzıgöyçək deyir ki, sənət adamının, ədəbiyyatçının, jurnalistin, siyasətçinin, ictimai xadimin bəşəri düşüncələri, dərin mütaliəsi, dünyagörüşü, özünəməxsus yanaşması, erudisiyası olmalıdır. Boş söhbətdir! Müasir dünyada bütün bunlar bicadır! Gül kimi sosial şəbəkələr var ki, bu irfani yeni kəşflər yazmağa, araşdırmağa, bilgi sahibi olmağa hər cür şərait yaradır. Siyasətçisən? Çıx ürəyin istəyəni yaz, sözünü de. Bəyənən "like" edəcək, "share" edəcək, bəyənməyən də gəlib söyüşünü-təhqirini yazıb, etirazını bildirəcək.
Sənə böyük kütlələrə xitab etmək lazımdırsa, bundan gözəl şərait ola bilməz. Üstəlik yazdıqlarını şərh edənlərlə çəkişə-çəkişə bilgilərin, məlumatın da artacaq, istənilən yutub verlişində, feysbuk debatında çıxıb sözünü deyə biləcəksən. Bu baxımdan çağdaş siyasətimizin populyar gənc ulduzunun – hansı ki, ümummilli lideri Məhəmməd peyğəmbərdir – siyasi karyerası hər bir gənc siyasətçi üçün örnək ola bilər.
Şairin, yazıçının işi daha asandır. Ağlına gələni bəzəkli-düzəkli cümlələrlə ifadə edib, ağlına gəlməyənləri kiminsə ağzından qapıb, kitablardan seçmə cümlələr tapıb çıxışlarında gözünü süzdürüb, səsinə bəlağət qatıb kütləyə sevinc bəxş edə bilərsən. Lap sənin şəxsi keyfiyyətlərin aşağı, dünyagörüşün qıt olsun, əsas "like" sayı, mesaj qutuna gələn heyranlıq mesajlarıdır. Dünyanın qəmini bu qədər asan şəkildə çiynindən atıb, ədəbiyyat yaratmaq mümkündür, nümunələri vardır, təcrübəylə də isbat edilmişdir.
***
Kim nə deyir desin, əsas hay-küy salıb, həyasızlıq edib, çığırıb-bağırıb gündəmdə qalmaq, daha çox adama xitab etməkdir. Dünya kiçikləşib, cılızlaşıb, sıxılıb-sıxlaşıb bir ağıllı telefonun ekranına sığışıb. Dünyada telefonla kitab yazanlar, kino çəkənlər, musiqi bəstələyənlər, ali təhsil alanlar, ölkə gündəmini dəyişənlər, biznes quranlar, ev-eşik sahibi olanlar, ov ovlayıb, quş quşlayanlar var. Bizdə isə bütün bunların hamısını ümumiləşdirib, sadəcə "quşlayanlar" var.
Ümid edirəm ki, bizim gənclərimiz də dünyanın oxumaqdan, araşdırmaqdan, müşahidə etməkdən, təhsildən, elmdən ibarət olmadığını anlayacaq. Çünki, sosial şəbəkələrdə çox sayda örnəklər var ki, onların həyat və fəaliyyəti sizlərə örnək ola bilər. Əziyyət çəkmədən, mübarizə aparmadan da qəhrəman olmağın, layiq olmadan şöhrət qazanmağın asan yolları vardır. Ümumiyyətlə sadəlövh kütlənin qəhrəmanı olmaq, sevgisini qazanmaq, məşhurlaşmaq çox asandır. Və bir gün o kütlənin qurbanı olmaq ehtimalı olsa belə, Varholun dediyi 15 dəqiqəlik məşhurluğa dəyər. Beyninizi çox yükləməyin, çünki beyninizi nə qədər çox yorsanız bir o qədər yaradıcı imkanları artacaq. Qanlı-qadalı dünyada bu zülmə nə gərək var?