BAKI, 30 iyul — Sputnik. Cümə günü, iyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.
Qeyd edək ki, Türkiyədə, Antalyanın Manavqat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın Manavqat rayonunun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 4 nəfər həlak olub, 183 nəfər isə xəsarət alıb. Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.
Eləcə də oxuyun:
İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Antalya alov içində - dəhşət saçan fotolar