Toya getdikləri üçün məhkəməlik oldular: Bu dəfə həyət toylarına da cərimə tətbiq edildi

Dörd nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 1977 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Sputnik

BAKI, 29 iyul — Sputnik.Toy mərasimi zamanı qaydalar yenə pozulub. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Belə ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Güləmli kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.

Məclisin sahibi Şabran rayon sakini Məstan Qəhrəmanova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları həyətdə təşkil olunan məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.
Göyçayda restoran sahibi 4 min manat cərimələnib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Potu kəndi ərazisində yerləşən “Bizim bağ” restoranında təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejiminin qayda və tələblərini pozan obyektin sahibi Şamil Novruzov 4 min manat, toy sahibi Rövşən Qasımov isə 200 manat məbləğində cərimələnib.

Rayonun Üngütlü kəndində Rəşid Eyvazova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə qonaqların sayının 50 nəfərdən artıq olduğu aşkarlanıb və ev sahibi barəsində qanunamüvafiq tədbir görülüb.

10:21

İyulun 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib. Bu barədə DİN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 1977 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Ötən günün statistikasına nəzər yetirək:

İyulun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 211 şadlıq sarayında, 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 120 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2476 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Həmçinin oxuyun:

* “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayanların sayı açıqlandı

* Maskaya görə toya getməkdən imtina edənlər var - Sorğu

* Azərbaycanda toy bumu: Portala minlərlə müraciət daxil olub