CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülər

İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir.
Sputnik

BAKI, 29 iyul – Sputnik. Nəhəng qara dəliyin Kainata yaydığı rentgen şüalarını müşahidə edən alimlər qəribə parıltılar seziblər, məlum olub ki, bu, dəliyin o biri tərəfinin əksidir.

İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir. Sputnik Azərbaycan bildirir ki, araşdırma nəticəsi Nature jurnalında dərc edilib.

Stenford Universitetinin astrofiziki Den Uilkins Qalaktikanın mərkəzindəki nəhəng qara dəliyin öyrənilməsi ilə məşğuldur. Bu dəlik bizdən 800 milyon işıq ili aralıda yerləşir. Alim gözlənilməz hal müşahidə edib: rentgen şüaları ilə yanaşı, teleskoplar əsas şüalardan sonra yaranan digər işıq parıltılarını da qeydə alıb, onların parlaqlığı az olsa da, müxtəlif “rənglərdə” olub. Hesablamalara görə, bu işıq əksləri, yaxud da işıq əks-sədası qara dəliyin arxa tərəfinin əks etdirdiyi rentgen şüalarına uyğun gəlir.

“Qara dəliyə düşən istənilən işıq ondan çıxmır, bu səbəbdən də qara dəliyin arxasında olan heç nəyi biz görə bilmərik, - Stenford Universitetinin SLAC tezləşdirici laboratoriyasının və Elementar Hissəciklərin Astrofizikası İnstitutunun elmi işçisi Den Uilkins yazıb. – Bunu görməyimizin səbəbi odur ki, qara dəlik fəzanı əyir, işığı sapdırır və ətrafındakı maqnit sahələrini bürüb-bükür”.

Tədqiqat ilk başdan tacın – bəzi qara dəliklərin malik olduğu elementin - öyrənilməsinə həsr olunmuşdu. Nəhəng qara dəliyin üzərinə düşən material Kainatda ən parlaq arasıkəsilməyən işıq mənbələrini qidalandırır və bu zaman qara dəliyin ətrafında rentgen işığından ibarət tac yaradır.

Mövcud nəzəriyyəyə görə, bu elementin formalaşması qazın qara dəliyə keçməsi və orada milyon dərəcəyədək qızması ilə yaranır. Belə temperaturda elektronlar atomlardan ayrılır, maqnitlənmiş plazma yaradır. Qara dəliyin super sürətlə fırlanmasının təsiri ilə maqnit sahəsi qara dəliyin üzərində əyilməyə başlayır, sonra öz ətrafında elə sürətlə dönür ki, nəticədə tamamilə dağılır. Bu hal Günəşin ətrafında baş verənlərə bənzəyir. Buna görə də alimlər bu hadisəni Günəşdəkinə bənzədərək qara dəlik tacı adlandırırlar.

“Bu, maqnit sahəsidir, qara dəliyə yaxın və onunla bağlı olan sahə ətrafındakı hər şeyi qızdırır və belə yüksək enerjiyə malik elektronları əmələ gətirir, onlar isə rentgen şüalarını yaradır, - Uilkins izah edib. Bir neçə il ərzində mən nəzəri cəhətdən bu prosesi düşünürdüm, ona görə də teleskopda bunu görən kimi mənşəyinin nəyə bağlı olduğunu anladım”.

“Əlli il əvvəl, astrofiziklər maqnit sahəsinin özünü qara dəliyin yanında necə apardığını düşünməyə başlayarkən, heç bilməzdilər ki, bu hadisəni birbaşa müşahidə etmək üçün metodlarımız peyda ola bilər və Eynşteynin ümumi nisbilik nəzəriyyəsini gerçəklikdə görə bilərik”, - tədqiqatın digər müəllifi, Stenford Universitetinin professoru Rocer Blandford deyib.

Müəlliflər qara dəliklərin tacını öyrənməyə davam edəcəklər. Bu prosesdə onlar Avropa Kosmik Agentliyinin 2031-ci ildə buraxmağı planlaşdırdığı “Afina” kosmik teleskopuna böyük ümid bəsləyirlər.

Eləcə də oxuyun: