BAKI, 28 iyul — Sputnik. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov saxlama mərkəzlərindəki əcnəbilərin arasında virusa yoluxma ilə bağlı vəziyyəti açıqlayıb.
Vüsal Hüseynov 2021-ci ilin altı ayının yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, Miqrasiya Xidmətinin saxlama mərkəzlərində pandemiya başlayandan bu günə qədər saxlanılan əcnəbilər arasında koronavirusa (COVID) yoluxma halı baş verməyib. Onun sözlərinə görə, bu, mərkəzdə aparılan dezinfeksiya tədbirlərinin yüksək səviyyədə təşkil olunması ilə bağlıdır: "Eyni zamanda, saxlama mərkəzində məhdud sayda yerləşdirmə olub. Şəxslər mərkəzə gətirilərkən bir müddət özünütəcrid rejimində olurlar. Bir ildən artıq müddətdir ki, mərkəzdə koronavirusa yoluxma halı baş verməyib".
V.Hüseynov həmçinin bildirib ki, 2021-ci ilin 6 ayında 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub. Onun sözlərinə görə, bu dövrdə vətəndaşlığa mənsubiyyətlə bağlı müraciətlərdə artma mövcuddur ki, bu da karantin tədbirlərinin yumşalması ilə bağlıdır: "Son 6 ayda 201 şəxs readmissiya olunub. Onlar müxtəlif vaxtlarda çarter reysləri ilə qəbul olunub”.
V.Hüseynov bildirib ki, qanunsuz miqrantların saxlama mərkəzlərində hazırda 49 şəxs var ki, bu da ötən dövrlə müqayisədə 5,8 dəfə azdır. "Hesabat dövründə qaçqın statustlarının alınması ilə bağlı müraciətlərdə kəskin azalma var. Bu da ölkə sərhədlərinin bağlanması ilə bağlıdır”, - deyə Xidmət rəisi əlavə edib.
Eləcə də oxuyun:
Azərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldıldı - Hava yolu ilə
Azərbaycana gələn əcnəbilərin sayı azalıb - Vüsal Hüseynov kvotanı açıqladı
Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi