BAKI, 28 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun "Bağırov" körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd edilir ki, sözügedən ərazidə qəzaların sayının çox olması nəzərə alınaraq belə bir təşəbbüs irəli sürülüb. Xəbərdə o da bildirilib ki, 2019-2021 Heydər Əliyev prospekti əsas yolun "Bağırov" körpüsü kimi tanınan hissəsində ciddi fəsadlara yol açan 11 yol nəqliyyat hadisəsi baş verib.
BNA həmçinin i̇yulun 27-28-i tarixlərinə proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb. Məlumatda bildirilir ki, sərnişinlər dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməsinlər.
Həmçinin oxuyun:
Paytaxtın Heydər Əliyev prospektində qəza olub, yolda sıxlıq yaranıb
Bakıda bir istiqamətdə iki qəza baş verdi - Yolda sıxlıq var