BDU-da müşavirin bıçaqlanma səbəbi məlum olub - Rəsmi açıqlama

 Rektorun müşaviri Mirzə Mirzəyev İsmixan Mirzəyevə işdən çıxarıldığını deyib. Bundan qəzəblənən İ.Mirzəyev müşavirə bıçaq zərbələri vurub
Sputnik

BAKI, 28 iyul — Sputnik. Bakı Dövlət Universitetində rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevin bıçaqlanma səbəbi məlum olub. BDU-nun mətbuat katibi Günel Orucəliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rektorun müşaviri Mirzə Mirzəyev İsmixan Mirzəyevi kabinetinə çağıraraq işdən çıxarıldığını deyib. Bundan qəzəblənən İ.Mirzəyev müşavirə bıçaq zərbələri vurub. Bu zaman komendant Şahlar Bəgalıyev otağa daxil olub. İ.Mirzəyev əlindəki bıçaqla ona da xəsarətlər yetirib. Hadisəni törədən İ.Mirzəyev BDU-da suvaqçı-rəngsaz işləyib.

G.Orucəliyeva bildirib ki, Mirzə Mirzəyevin və komendant Şahlar Bəgalıyevin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, dünən bıçaqlanan hər iki şəxsin müalicəsi Respublika Klinik xəstəxanasında davam etdirilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Xatırladaq ki, iyulun 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev tərəfindən bıçaqlanıb.

Həmçinin oxuyun:

Rektorun müşavirini bıçaqladılar - BDU faktı təsdiqlədi