BAKI, 27 iyul — Sputnik. Ötən gün 15 yaşlı qızın nişanlanması xəbəri bütün ölkədə rezonans yaratdı. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirilməsinə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur MərdanoğluSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq məsələ araşdırılıb. O bildirib ki, sosial şəbəkələrdə görüntülər yayılan kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələyə reaksiya verib. Nəticədə komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailə ilə görüşüblər: "Həmin şəxslər komitəmizin əməkdaşlarına bildiriblər ki, 15 yaşlı qız ərə verilməyib. Sadəcə olaraq cütlüyün nişanı olub. Səbəb olaraq isə bildirilib ki, onlar pandemiyaya görə yenidən sərt karantinin olmasından qorxduqları üçün nişan ediblər".
T.Mərdanoğlu qeyd edib ki, qızın toyu təhsili bitdikdən sonra, 18 yaşında olacaq.
Qeyd edək ki, artıq məsələ komitənin nəzarətindədir.
Qeyd edək ki, ay ərzində artıq bir neçə dəfə bu kimi hallar aşkarlanaraq qarşısı alınıb.
Bir neçə gün öncə də Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşında ərə verilən qız ata evinə geri qaytarılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Məlumata görə, Komitə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb.
Eləcə də oxuyun:
Ananın tanışı yeniyetmə qızı ayaqyolunda zəncirlədi
Şəkidə özündən 14 yaş böyük oğlana ərə verilən qız geri qaytarılıb