BAKI, 21 iyul — Sputnik. Havalar isti keçdiyindən dənizlə yanaşı, insanlar dincəlmək üçün hovuzların olduğu istirahət mərkəzlərini də seçirlər. Pandemiya dövründə xaricə səyahət qiymətlərinin bahalaşması və məhdudlaşdırılması su attraksionlarına tələbatı artırıb. Qeyd edək ki, yay fəslində bu məkanların əsas müştəriləri uşaqlar olur. Bəs görəsən, hovuzların olduğu istirahət məkanlarında, akvaparklarda hovuzların gigiyenik vəziyyətinə nəzarət olunurmu?
Dənizkənarı akvaparklarda yoxlamalar dayandırılıb
Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, akvaparklar, hovuzlar və su attraksionlarının yerləşdiyi məkanlar sahibkarlıq subyekti sayılır. Sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından, belə məkanlarda ərazi üzrə gigiyena və epidemiologiya idarələri tərəfindən heç bir yoxlama aparılmır.
Z.Kazımov bildirir ki, ancaq şikayət daxil olarsa, İqtisadiyyat Nazirliyinin razılığı əsasında həmin məkanlarda GEM-lər tərəfindən hovuzların təmizliyi yoxlanıla bilər. Şöbə müdirinin sözlərinə görə, dəniz kənarında yerləşən istirahət mərkəzlərinin hovuzlarında gigiyenik norma və tələblərin yoxlanılması üçün sahibkarlar özləri ərazi üzrə GEM-lərə müraciət etməlidirlər. Yalnız bu halda ərazi üzrə GEM hovuzların sanitar-gigiyenik durumunu yoxlaya bilər:
“Əvvəllər biz belə obyektləri planlı şəkildə yoxlayırdıq. Amma sahibkarlıq subyektlərində yoxlama dayandırıldıqdan sonra bu, ancaq sahibkarla bağlanan müqavilə əsasında baş tuta bilər”.
Ümid qalıb sahibkarların insafına...
Z.Kazımov deyir ki, sahibkarlar könüllü şəkildə hovuzların təmizliyinin yoxlanılması üçün ərazi üzrə GEM-lərlə müqavilə bağlaya bilərlər. Həmsöhbətimiz deyir ki, bu zaman hovuz suyu kimyəvi-bakterioloji müayinədən keçirilir. Sudan nümunə götürülərək tərkibində xlorun miqdarı, mikroblara görə kimyəvi və bakterioloji müayinələr aparılır.
Şöbə müdiri bildirir ki, hovuzlarda istifadə edilən su mütləq şəkildə içməli su olmalıdır. Həmçinin istirahət mərkəzlərində hovuz suyuna xlor vurulur: "Bunun üçün xlorator vasitəsilə hovuza xlorlu su vurulur. Bu zaman suyun tərkibindəki bakteriyalar məhv olur. Suda bakteriyalar, bağırsaq çöpləri olarsa, bu həmin hovuzda çimən insanda mədə-bağırsaq pozğunluğuna, gözlərdə qızartının, sulanmanın yaranmasına səbəb ola bilər", - deyə Z.Kazımov bildirir.
RGEM səlahiyyətlisinin sözlərinə görə, hovuzlarda suya xlorun normadan artıq qatılmasına yol verilmir. Onun sözlərinə görə, hovuz suyunda xlorun səviyyəsi 0.3-0.5 mq, suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır.
"Hovuz suyuna xlorun az, yaxud çox qatılması hovuzda çimən insanın orqanizmi üçün fəsad verə bilər. Normaya görə, hovuz suyuna 0.3-0.5 mq miqdarda xlor qatılmalıdır. Bu miqdardan az və yaxud çox ola bilməz. Bu zaman hovuzda çimən insanın gözlərinin qızarması kimi hallara rast gəlinə bilər.
Hovuz suyunda koli əmsalı 3-dən çox olmamalıdır. Əks halda, mədə-bağırsaq pozğunluğu yarada bilər. Uşaqların çimdiyi hovuzlarda isə bu normaya nəzarət olmaldır. Çünki uşaqlar çimərkən su daha çox ağızdan mədəyə keçir. Bu zaman hovuz suyunda bağırsaq çöpü, bakteriyalar olarsa, eləcə də koli əmsalı normadan çox olarsa, mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxarda bilər", - deyə Z.Kazımov bildirir.
Pandemiya dövründə hovuzlardan istifadəyə dair təlimatlar var, amma...
Bundan əlavə, Z.Kazımov pandemiya dövründə hovuzlardan istifadəyə dair təlimatların olduğunu söyləyir. Onun sözlərinə görə, su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib. Z.Kazımov deyir ki, həmin metodiki göstərişə görə, akvaparkların girişlərində termometriya təmin edilməlidir. Simptomu olanlar akvaparklara buraxılmamalıdırlar. Fiziki məsafənin qorunması məqsədilə çətirlərin oxlarının arasında minimal məsafə 4 m, insanlar arası fiziki məsafə 2 m (ailə üzvləri istisna olmaqla) saxlanılmalıdır. Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanmalıdır.
Vətəndaşların təmasda olduğu əşya və səthlər mütəmadi dezinfeksiya edilməlidir. Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi vacibdir. Həmçinin hovuz və akvaparkların ərazilərinə əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər qoyulmalı, hovuz və akvaparkların əməkdaşları yetərli sayda tibbi maska və əlcəklərlə təmin olunmalıdırlar.
"Hər şey qaydasındadır" desələr də, sənəd təqdim edən yoxdur
Paytaxtda dəniz kənarında yerləşən istirahət mərkəzlərindən isə sorğumuza cavab olaraq bildirdilər ki, hovuzların təmizliyinə daxili qaydalara uyğun olaraq riayət edilir. Həmçinin COVID-19 pandemiyasına görə tələb olunan şərtlərə əməl edilir. Müştərilərin sağlamlığına zərər dəyməməsi üçün suya lazımi miqdarda xlor qatılır, mütəmadi dərmanlama işləri aparılır. İstirahət mərkəzlərindən həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal gigiyena bölməsi ilə müqavilə bağladıqlarını da söylədilər.
Qeyd edək ki, dəniz kənarında yerləşən akvaparklar hovuzda dərmanlama işlərinin aparıldığını söyləsələr də, ötən həftə üz tutduğumuz akvaparklar arasında bu sənədi təqdim edən olmadı.
Akvaparklarda qiymətlər bahalaşıb
Buna baxmayaraq, dəniz sahilində yerləşən akvaparklarda qiymətlər fantastik dərəcədə bahalaşıb. Əlaqə saxladığımız su attraksionu olan akvaparklarda giriş qiyməti həftə içi 15-20, həftə sonları isə 25-35 manatdır. “Novxanı Aquapark”da 2-12 yaş arası giriş adi günlərdə 15, həftəsonu isə 20, 12 yaşdan yuxarı giriş qiyməti həftəiçi 20, həftəsonu 25 manat təşkil edir. Novxanıda “Spring Hotel”də isə akvaparka giriş qiymətləri həftəiçi 15, həftəsonu 20 manatdır. 5 manat isə adambaşına depozit tələb olunur. Bundan əlavə, akvaparklara giriş zamanı nəinki yemək, içəriyə bir litr içməli su belə, buraxılmır.
Həkimlər təhlükə barədə xəbərdarlıq edirlər!
Həkimlər isə dəniz sahilində hovuzu olan istirahət mərkəzlərindən, akvaparklardan istifadə zamanı əhalini ehtiyatlı olmağa səsləyirlər. Terapevt Emin Dadaşzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə məkanlarda sahibkar müştəridən ödəniş tələb etdiyi kimi, müştəri də hovuzun sanitar-gigiyenik vəziyyətinə dair sahibkardan sənəd tələb etməlidir:
"Hovuzlarda suya xlor qatılmalıdır. Əks halda, suda bakteriyaların, bağırsaq çöplərinin olması qaçılmazdır. Bundan əlavə, hovuz suyu vasitəsilə keçən ən təhlükəli xəstəliklərdən biri də dəri xəstəlikləridir. Hovuz suyundan dəmrov, dermatit, kontakt dermatitləri, qoturluq kimi təhlükəli xəstəliklər keçə bilər. Ona görə də istirahət məkanlarında hovuzlardan istifadə zamanı ehtiyatlı olmaq vacibdir. Həmçinin də çimərkən su eynəyindən istifadə etmək lazımdır ki, xlorlu su gözün selikli qişasını zədələməsin".
Terapevt bildirir ki, dəniz suyu daha çirkli olsa belə, dəniz suyunun duzlu olması bakteriyaları öldürür. Hovuzlarda isə bakteriyaların məhv edilməsi üçün normaya uyğun xlorlama işləri aparılmalıdır.
Eləcə də oxuyun:
Dənizi hasarlayanlarla bağlı məhkəməyə müraciət edildi
Uşağı gün vurub, yoxsa isti vurub? Tibb elmləri doktorundan analara qızıl kimi tövsiyələr
Xəzərin sahilində: Çimərliklərdə qiymətlər sərinləməyə imkan vermir