BAKI, 18 iyul - Sputnik. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barrelik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaq.
İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov “OPEC plus”un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.
Qeyd edək ki, yeni razılaşma “OPEC plus” ölkələri üzrə mövcud 5,8 mln. barrel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barrel azaldılmasını nəzərdə tutur.
İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci il sentyabrın 1-də keçirilməsi qərara alınıb.
Eləcə də oxuyun:
SOCAR neft-qaz hasilatını yeddi faiz artırıb
BEA: Neftin bahalaşması dünyada iqtisadiyyatın dirçəlməsini ləngidə bilər
Azərbaycandan Avropaya elektrik enerjisi: mif, yoxsa reallıq